Prezident İlham Əliyev Qazaxıstanın “Kazinform” informasiya agentliyinə müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 18 oktyabr 2025-ci ildə Qazaxıstanın “Kazinform” informasiya agentliyinə geniş müsahibə verib. Dövlət başçısı müsahibəsində Azərbaycan–Qazaxıstan əlaqələrinin hazırkı vəziyyəti, əməkdaşlığın əsas istiqamətləri, Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq fəaliyyət və regional məsələlər barədə mühüm fikirlər səsləndirib.

Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycanla Qazaxıstan arasında əlaqələr yüksək etimad və qarşılıqlı hörmətə əsaslanır. Xalqlarımızı ortaq tarix, mədəniyyət, mənəvi dəyərlər və türk kimliyi birləşdirir. Məhz bu təməl üzərində biz güclü strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq. Ölkələrimiz arasında 20 il əvvəl imzalanmış “Strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilə” bu münasibətlərin hüquqi əsasını təşkil edir. Ötən illər ərzində 170-dən çox sənəd imzalanıb, siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri formalaşıb. Bu, son üç ildə mənim Qazaxıstana yeddinci səfərimdir. Hər səfərimdə ölkədəki dinamik inkişafı görmək mənim üçün xoşdur. Prezident Tokayevin düşünülmüş siyasəti Qazaxıstanı regionun lider dövlətlərindən birinə çevirib.

Dövlət başçısı, həmçinin, Qazaxıstan Prezidentinin Azərbaycana altı dəfə səfər etdiyini vurğulayıb və bu səfərlərin hər birinin əlaqələrin möhkəmlənməsinə ciddi töhfə verdiyini bildirib.

Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığa toxunan Prezident İlham Əliyev qeyd edib ki, 2024-cü ildə qarşılıqlı ticarət dövriyyəsi 470 milyon dollar, 2025-ci ilin ilk səkkiz ayında isə 547 milyon dollar olub. Bu, əvvəlki dövrlə müqayisədə üç dəfə çoxdur. Bu göstəricilər Orta Dəhlizin səmərəli işləməsi və nəqliyyat-logistika sistemlərinin modernləşdirilməsi nəticəsində mümkün olub. Həmçinin Azərbaycanın Qazaxıstana investisiyaları 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana yatırımları 136 milyon dollara çatıb. Bu, qarşılıqlı etimadın və uzunmüddətli tərəfdaşlığın göstəricisidir.

Prezident İlham Əliyev qeyd edib ki, Orta Dəhliz ölkələrimizi birləşdirən əsas iqtisadi arteriyadır. Belə ki, 2024-cü ildə tranzit daşımalarının həcmi 3,5 milyon tondan çox olub ki, bu da əvvəlki ilə nisbətən 20 faiz artım deməkdir. Eləcə də 2025-ci ilin martında imzalanmış Xəzər dənizi boyunca sualtı fiber-optik kabel layihəsi isə rəqəmsal inteqrasiyanı daha da gücləndirəcək və 2026-cı ilin sonunadək tamamlanacaq.

Müsahibə zamanı cənab İlham Əliyev enerji sahəsindəki əməkdaşlığa da toxunaraq bildirib ki, SOCAR və “KazMunayQaz” şirkətləri arasında Aktau–Ceyhan marşrutu üzrə illik 1,5 milyon ton Qazaxıstan neftinin tranzitinə dair saziş imzalanıb. Bundan əlavə, Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsi və bərpaolunan enerji mənbələrinin təşviqi istiqamətində ortaq layihələr həyata keçirir.

Prezident İlham Əliyev müsahibəsində Türk Dövlətləri Təşkilatının (TDT) rolunu xüsusi vurğulayıb və qeyd edib ki, 2009-cu ildə Naxçıvanda yaradılan TDT bu gün türk dünyasının siyasi və iqtisadi birliyinin əsas sütununa çevrilib. Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü bu həmrəyliyin növbəti təntənəsi oldu. Dövlət başçısı həmçinin, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinin gələn il TDT çərçivəsində təntənə ilə qeyd ediləcəyini də diqqətə çatdırıb.

Prezident İlham Əliyev Xəzər dənizində su səviyyəsinin azalması ilə bağlı narahatlığını da ifadə edərək bildirib ki, bu, təkcə ekoloji yox, həm də iqtisadi təhlükədir. Xəzər dənizinin dayazlaşması regional əməkdaşlıq və birgə fəaliyyət tələb edir. Xəzər artıq yalnız su hövzəsi deyil, ortaq məsuliyyətimizin rəmzidir.