
Prezident İlham Əliyevin sentyabrın 25-də BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı nümayiş olunan beynəlxalq diqqət və maraq, cənab Prezidentin həm şəxsi nüfuzunu, həm də Azərbaycanın artan qlobal rolunu bir daha sübut etdi desək yanılmarıq. Belə ki, sessiyada iştirak edən dövlət və hökumət başçılarının Prezident İlham Əliyevə diqqətlə qulaq asması, eləcə də onunla görüşmək istəmələri, həmçinin ölkəmizə olan hörmət və etimadın da göstəricisidir.
Artıq Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Azərbaycan təkcə Cənubi Qafqazda deyil, həm də Avrasiya məkanında strateji tərəfdaşa çevrilib. Onun tribunadan səsləndirdiyi fikirlər, xüsusən də sülhə, beynəlxalq əməkdaşlığa və ədalətli nizamın qurulmasına dair çağırışları dünya ictimaiyyəti tərəfindən müsbət qarşılandı.
Ölkə başçısı çıxışının əvvəlində qeyd etdi ki, “Uzun illər ərzində bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam. Otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizi Ermənistanın hərbi işğalı altında qaldı. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı. Onların fundamental insan hüquqları kobud şəkildə pozuldu. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olundu. Təəssüf ki, bu qətnamələr heç vaxt icra edilmədi. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı. Həmçinin təsis edilmiş ATƏT-in Minsk qrupu da öz missiyasını yerinə yetirə bilmədi. Səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı ərazilərimizi azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi”.
Cənab Prezident qeyd etdi ki, 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası təmin olundu. Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. Biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi. Bu il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp da buna şahid qismində imza atdı. Vaşinqton Sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”dur (TRIPP). Vaşinqton Sammiti, həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir”.
İlham Əliyev çıxışı zamanı avqust ayında ABŞ-a səfərinin əhəmiyyətinə diqqət çəkərək vurğuladı ki, “Prezident Trampın 1992-ci ildə Azadlığa Dəstək Aktına 907-ci düzəliş şəklində Azərbaycana qarşı tətbiq olunmuş sanksiyaların icrasını birdəfəlik ləğv etmsi qərarı da tarixi addımdır. Bu Azərbaycanın qlobal təhlükəsizlik və sabitliyə töhfə verdiyi bir dövrdə etimad və əməkdaşlığı daha da möhkəmləndirərdi. Ümumilikdə avqust ayında ABŞ-a səfərim zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır. Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açdığına, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək qərarına və Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə dəstəyinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edirəm”.
Prezident İlham Əliyev Ermənistanın işğal dövründə şəhər və kəndlərimizdə törətdiyi barbarlığın miqyasını və azərbaycanlılara qarşı etdiyi müharibə cinayətlərini iclas iştirakçılarına bir daha xatırlatdı. Qeyd etdi ki, “Ermənistan işğal dövründə yüzlərlə şəhər və kəndimizi yerlə-yeksan etdi, 65 məscidi məqsədli şəkildə dağıtdı. Hərbi cinayətkarlar tərəfindən 30 ilə yaxın müddətdə idarə olunan Ermənistanın siyasəti bu idi. Biz isə yerlə-yeksan edilmiş kənd və şəhərləri yenidən qururuq. “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, işləyir və təhsil alır. Postmünaqişə dövründə Azərbaycanın qarşısında duran ən ağır humanitar problemlərdən biri də Ermənistan işğalı dövründə yerləşdirilmiş minaların yaratdığı təhlükədir. 2020-ci ilin noyabrından bu günədək 400-dən çox azərbaycanlı mülki şəxs və hərbçi mina partlayışları nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu geniş mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına və bərpa layihələrinin həyata keçirilməsinə əngəl törədir. Eynilə, 1990-cı illərin əvvəllərindən bəri Ermənistanın təcavüzü və işğalı zamanı itkin düşmüş dörd minə yaxın azərbaycanlının faciəli taleyi xüsusi diqqət və tədbir görülməsini tələb edir”.
Ölkəmizin başçısı cənab İlham Əliyev çıxışı zamanı həmçinin Azərbaycanın COP29-a ev sahibliyi etməsindən, ölkəmizdən keçən Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kimi bağlantı layihələrinin önəmindən, Azərbaycanda Yoxsulluğun və işsizliyin tarixi minimum həddə olmasından, Xəzər dənizinin su ehtiyatının ilbəil azalması problemindən, Azərbaycanın qlobal səviyyədə humanitar yardım səylərinin artmasından bəhs edib.
Cənab İlham Əliyev BMT Baş Assambleyasının sessiyasında Prezident İlham Əliyev bir sıra qlobal çağırışlara toxunub. O, Azərbaycan modelini – müstəqil, prinsipial və inkişafda olan bir ölkə nümunəsini təqdim edərək, Azərbaycanın enerji, nəqliyyat, iqlim və humanitar sahələrdə əldə etdiyi təcrübəni bölüşməyə hazır olduğunu bəyan edib.