Prezident İlham Əliyev Türkmənistan Respublikası, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüşün yekunlarına dair bəyanatla çıxış edib

Azərbaycan Türkmənistan və Özbəkistanla üçtərəfli münasibətlərə hər zaman xüsusi önəm vermiş və əlaqələrin bütün istiqamətlər üzrə inkişaf etdirilməsi üçün ardıcıl, sistemli siyasət həyata keçirmişdir. Tarixi, mədəni və etnik bağlara söykənən bu münasibətlər bu gün artıq qarşılıqlı hörmət və strateji maraqlara əsaslanan çoxşaxəli əməkdaşlıq səviyyəsinə yüksəlib.

Ölkələrimiz arasında formalaşmış siyasi dialoq, dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanmış əməkdaşlıq sənədləri bu günkü münasiətlərimizin dayaqlarını möhkəmləndirib. Hazırda Azərbaycan, Türkmənistan və Özbəkistan arasında təhlükəsizlik, müdafiə, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat-logistika, turizm və mədəni-humanitar sahələrdə yüksək səviyyəli əməkdaşlıq həyata keçirilir. Bu isə onu göstərir ki, dost və qardaş ölkələr arasında əlaqələrin fəal şəkildə inkişaf etmədiyi heç bir sahə mövcud deyil.

Hər üç ölkə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini daim dəstəkləyirlər. Belə ki, Qoşulmama Hərəkatı, BMT, Türk Dövlətləri Təşkilatı və digər platformalarda ortaq maraqları müdafiə edərək, regional sabitlik və əməkdaşlığın möhkəmləndirilməsində fəal rol oynayırlar.

Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə Türkmənistana işgüzar səfəri regionda çoxşaxəli əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə də ikitərəfli görüş keçirmiş və ardınca üçtərəfli formatda yüksək səviyyəli görüş baş tutmuşdur. Üç ölkə liderinin görüşündə əsas diqqət regional enerji layihələrinin əlaqələndirilməsi, nəqliyyat-logistika imkanlarının səmərəli istifadəsi və strateji əhəmiyyətə malik Orta Dəhliz marşrutunun inkişafına yönəlmişdir. Görüşdən sonra mətbuata bəyanatla çıxış edən ölkəmizin başçısı cənab İlham Əliyev bildirmişdir ki, “Bu, mənim Avaza şəhərinə ikinci səfərimdir və burada gedən inkişaf əyani şəkildə onu göstərir ki, ölkə etibarlı əllərdədir. Qurbanqulu Məlikquliyeviçin müdrik rəhbərliyi sayəsində həm Avaza, həm də bütün digər şəhər və kəndlər inkişaf edir, abadlaşır, yeni şəhərlər salınır. Bu gün imzalanan sənədlər arasında Arxadağla Füzuli şəhərlərinin qardaşlaşma sənədi də var. Bu, əslində, bizim qardaşlığımızın rəmzidir. Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar. Bu gün iki müstəqil dövlət bu ənənələrə sadiqdir, bu ənənələri yaşadır və yeni üfüqlərə doğru birgə addımlayır. Mənim dəvətimlə Qurbanqulu Məlikquliyeviç iyul ayında Azərbaycanda səfərdə idi. Biz iki gün ərzində həm Bakıda, həm də Qarabağ bölgəsində bərabər olmuşuq və bir çox məsələləri müzakirə etmişik. Mövqelərimiz də üst-üstə düşür. Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviç burada Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürdü. Mən də bu təklifi minnətdarlıqla qəbul etdim. Cəmi bir ay keçməsinə baxmayaraq, artıq məscidin memarlıq təsviri hazırdır və yaxın gələcəkdə təməli də qoyulacaqdır. Bu, türkmən xalqının, Türkmənistan Liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsidir, bizim qardaşlığımızın təcəssümüdür”.

Cənab Prezident Özbəkistanın Xankəndində inşa etdiyi tikiş fabriki haqqında da danışaraq bildirdi ki, Biz bu yaxınlarda qardaşım Şavkat Miromonoviçi də eyni qardaşlıq hissləri ilə qəbul etmişik. Xankəndidə ECO Zirvə görüşündə bərabər idik. Xankəndidə olarkən Şavkat Miromonoviçin təşəbbüsü ilə yaradılmış böyük tikiş fabrikinin fəaliyyəti ilə tanış olduq. Hazırda orada iki yüzdən çox insan çalışır. Onların mütləq əksəriyyəti qadınlardır və bu fabrikin genişləndirilməsi nəticəsində orada işləyənlərin sayı bir neçə dəfə artacaq. Bu, Azərbaycana, dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyük hədiyyədir. Birinci hədiyyəni isə biz Qarabağın dirçəldilməsi istiqamətində atılmış addımlar arasında yenə də Şavkat Miromonoviçin təşəbbüsü ilə Füzulidə dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbin timsalında gördük. O məktəb bizim iştirakımızla açılmışdır və artıq orada yüzlərlə gənc qarabağlı oxuyur, hər dəfə o məktəbin yanından keçəndə həm qardaş özbək xalqına, həm də onun lideri Şavkat Miromonoviçə minnətdarlıq hisslərini ifadə edir. Özbəkistanla sözdə yox, əməldə dostuq, qardaşıq”.

Cəanab Prezident çıxışında qeyd etdi ki, “Bizim üçün ən vacib, ən çətin məsələlərdə həmişə qardaşlarımız yanımızda olub. Bu gün də bu belədir. Bu gün artıq burada səsləndi, bu, tarixi görüşdür, tarixi sammitdir, tarixi Zirvə görüşüdür. Bunun təşəbbüskarı qardaşım Qurbanqulu Məlikquliyeviçə bir daha təşəkkürümü bildirmək istəyirəm. Burada artıq müvafiq dövlət qurumlarına göstərişlər verildi ki, üçtərəfli əməkdaşlıq formatı yaradılsın və bizim növbəti görüşümüzə konkret istiqamətlər üzrə təkliflər verilsin. Yenə də deyirəm, burada səslənmişdi - nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft, qaz sahələri və mədəni əlaqələr. Qaldı ki, bütün bu göstərişlərin vaxtında yerinə yetirilməsinə, mənim buna da şübhəm yoxdur. Həmkarlarımın fikrinə qoşularaq sözümün sonunda bir daha demək istəyirəm ki, bu, tarixi bir gündür. Bizim bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır. Necə deyərlər, xeyirli, uğurlu olsun”.