Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına müsahibə verib

Müasir beynəlxalq münasibətlər sistemi dərin dəyişikliklər mərhələsindən keçir. Ənənəvi olaraq əlaqələrin əsas sütunu sayılan beynəlxalq hüquq normaları artıq əvvəlki kimi mütləq və toxunulmaz qəbul edilmir. Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibə də məhz bu reallığın açıq etirafı ilə yadda qaldı. Dövlət başçısı qlobal siyasətdə formalaşan yeni reallıqları soyuqqanlı analiz edərək Azərbaycanın bu mürəkkəb şəraitdə seçdiyi strateji xətti ətraflı izah etdi.

Prezidentin vurğuladığı kimi, dünya artıq “qanunun aliliyi” prinsipi ilə deyil, çox zaman “güc qaydası” ilə idarə olunur. Belə bir şəraitdə Azərbaycanın əsas strateji məqsədi milli maraqlarını qorumaqla yanaşı, beynəlxalq hüquqa tam riayət edərək düzgün hesab etdiyi addımları atmaq olub. Dövlət başçısının sözləri ilə desək, istər siyasi inkişaf, istərsə də suverenliyin və ərazi bütövlüyünün bərpası istiqamətində görülən bütün işlər beynəlxalq hüquq və ümumbəşəri dəyərlərlə uzlaşır.

Cənab Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı” kimi nüfuzlu mükafatı alması ilə bağlı verilən sualı cavablandırarkən qeyd etdi ki, “Bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm. Bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur”.

Ölkəmizin başçısı müsahibə zamanı bildirdi ki, “Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər. Bu səbəbdən hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük. İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. İşğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur.

Enerji bazarına gəldikdə, gördüyünüz kimi, neftin qiyməti sabitdir - ən azı Azərbaycan üçün məqbul səviyyədədir. Bu, İranda, Venesuelada və ya dünyanın digər bölgələrində olan vəziyyətin neftin qiymətinə ciddi təsir göstərmədiyini nümayiş etdirir. Bu, yaxşı göstəricidir, çünki həm hasilatçıların, həm də istehlakçıların gələcəklərini planlaşdırmaq üçün vəziyyətin proqnozlaşdırıla bilinməsinə ehtiyacı var. Ümid edirəm ki, Cənubi Qafqazda və region ətrafında vəziyyət pisləşməyəcək. İstəyimiz, həqiqətən, bunu görməkdir. Ümid edirəm ki, hər bir ölkə regional sabitliyə və təhlükəsizliyə öz töhfəsini verəcəkdir”.

Cənab İlham Əliyev bildirdi ki, “Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və digər ölkələrə neft və qaz ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə enerji əməkdaşlığımız artmaqdadır. Artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikik.

Bir çox Avropa ölkəsi ilə yaxşı münasibətlərimiz var və bu, onlar üçün öz enerji təhlükəsizliyini gücləndirmək imkanıdır. Azərbaycan üçün isə bu, premium bazarda ehtiyatlarımızı satmaq fürsətidir. Baxmayaraq ki, qazı təkcə Avropaya satmırıq, bu yaxınlarda Suriyaya da ixrac etməyə başlamışıq. Ancaq qiymət baxımından ən yaxşı bazar, əlbəttə ki, Avropa bazarıdır”.

Jurnalistin sualəna cavabında cənab Prezident qeyd etdi ki, “Avropa Parlamentinin daimi tənqidinə Azərbaycan artıq reaksiya vermir. Bəli, reaksiya verməyi dayandırmışıq. Keçmişdə reaksiya verirdik. Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Artıq uzun illərdir ki, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik. Düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır. Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər”.