Qəbələ Zirvəsi – Türk Dünyasının Gələcəyə Baxışı

Azərbaycanın füsunkar guşəsi Qəbələ bu dəfə tarixə şahidlik etdi – Türk dünyasının liderləri burada bir araya gələrək birliyin, həmrəyliyin və gələcəyə inamın rəmzinə çevrildi. Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyevin dərin məzmunlu çıxışı Türk dünyasının strateji xəritəsini yenidən müəyyənləşdirdi. Prezident İlham Əliyev çıxışında Təşkilatın qlobal siyasətdə artan roluna toxunaraq bildirdi ki, bu gün TDT artıq sadəcə bir əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Dövlət başçısı Qırğız Respublikasına sədrlik dövründəki uğurlu fəaliyyətinə görə təşəkkür edərək qeyd etdi. Hətta cənab Prezident təşkilatın fəaliyyətinə dəstək məqsədilə dövlətimiz tərəfindən TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürüldüyünü də tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Prezident İlham Əliyev çıxışı zamanı vurğuladı ki, dünyada geosiyasi gərginliklərin artdığı bir dövrdə türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi çox vacib məsələdir. Xatırlatdı ki, TDT-nin təməl sənədi olan Naxçıvan Sazişində sülh və təhlükəsizlik əsas məqsədlərdən biri kimi təsbit olunub. Şuşada qəbul edilmiş Qarabağ Bəyannaməsi və Qəbələ Zirvəsinin “Regional sülh və təhlükəsizlik” mövzusu türk birliyinin strateji baxışını daha da gücləndirir.

Prezident İlham Əliyev çıxışında 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi. Bu təklif birliyin təkcə siyasi və iqtisadi deyil, həm də müdafiə sahəsində inteqrasiyasını yeni mərhələyə daşıyacaq.

Prezident İlham Əliyev 2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbəni və 2023-cü ildə keçirilmiş antiterror tədbirlərinin nəticəsində ölkənin tam ərazi bütövlüyünün bərpa olunduğunu xatırladaraq bildirdi ki, “2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir. Həmçinin iki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Vaşinqton Zirvəsi çərçivəsində, eyni zamanda, ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırıldı.”

Cənab Prezident bir daha vurğuladı ki, “Biz Ermənistan işğalını heç vaxt unutmayacağıq. Şəhidlərimizin əziz xatirəsini həmişə qəlbimizdə saxlayacağıq. Onların qanını biz döyüş meydanında aldıq. İşğalçını əzəli torpaqlarımızdan qovduq, Zəfər çaldıq və eyni zamanda, ədalətli sülhə nail olduq”.

Ölkəmizin başçısı çıxışında qeyd etdi ki, “Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxarıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır. 2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib”.

Cənab İlham Əliyev qeyd etdi ki, “Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir. Sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli olan digər mühüm istiqamət enerji təhlükəsizliyidir. Ölkəmiz bu məqsədlərin qlobal səviyyədə təmin edilməsində fəal rol oynayır. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib. Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq. Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Coğrafi əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir.”

Prezident İlham Əliyev çıxışı zamanı çox önəmli məsələyə diqqət çəkərək bildirdi ki, “Ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir. Burada 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulamaq istərdim. Gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edirəm. Əminəm ki, Zirvə Görüşümüz qəbul edəcəyimiz qərarlarla Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək, xalqlarımızın rifahına və təhlükəsizliyinə əlavə töhfə verəcəkdir.”

Ölkə başçısı çıxışının sonunda Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək göstərən qardaş ölkələrə bir daha təşəkkürünü bildirib və qeyd edib ki “Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu, özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir. Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi – bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.

PS:  Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşü bir daha göstərdi ki, Türk birliyi artıq regional deyil, qlobal güc mərkəzinə çevrilir.