Qubadlının azadlığı 5 yaşında

Azərbaycanın qədim diyarlarından olan Qubadlı əsrlər boyu xalqımızın mədəniyyətinin, qəhrəmanlıq ruhunun və zəhmətkeşliyinin beşiyi olub. Araz çayının sahilində, dağların ətəyində yerləşən bu diyar həm gözəlliyi, həm də tarixinin dərinliyi ilə fərqlənir. Qubadlının hər qarışı bir dastan, hər daşı bir tarixdir. Bu torpaq zaman-zaman yadelli təcavüzlərə məruz qalsa da, öz mənəvi dəyərlərini, ruhunu itirməyib.

Qubadlı rayonu 1933-cü ildə yaradılıb. Lakin bu torpağın tarixi çox-çox qədim dövrlərə uzanır. Zəngin təbiətə malik Qubadlı həm də bərəkətli torpaqları ilə tanınıb. “Yazı düzü”, “Məzrə” və “Gəyən” kimi düzənliklərdə yüz illərdir ki, bol məhsul yetişdirilib, əkinçilik və heyvandarlıq əsas təsərrüfat sahələri olub. Tütünçülük, üzümçülük və bostançılıq bu diyarın iqtisadi həyatında mühüm yer tutub.

Qubadlı təkcə təbiət gözəlliyi ilə deyil, həm də mədəniyyət və tarixi abidələri ilə zəngindir. Əsrlər boyu burada formalaşan xalq yaradıcılığı, dastanlar və mərdlik ənənələri bu bölgənin ruhunu yaşadıb. Lakin bu bərəkətli torpaqlar dəfələrlə erməni silahlı qüvvələrinin hücumlarına məruz qalıb. 1915, 1918 və 1920-ci illərdə erməni quldur dəstələri Qubadlı kəndlərini yandırıb, əhalini qətlə yetirib. Ən ağır zərbə isə 1993-cü ilin avqustun 31-də vurulub. Ermənistan ordusunun təcavüzü nəticəsində Qubadlı rayonu işğal olundu. 30 mindən artıq sakin evindən didərgin düşdü. 94 yaşayış məntəqəsi, 7 minə yaxın ev, onlarla məktəb, mədəniyyət evi, məscid və körpü yerlə-yeksan edildi. 1,2 milyard ABŞ dolları dəyərində maddi zərər vuruldu. Həmçinin işğal dövründə Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozaraq, Qubadlı torpaqlarında qanunsuz məskunlaşma həyata keçirdi. Xaricdən gətirilən ermənilər üçün Xanlıq kəndində yeni yaşayış məntəqələri salındı. Bu, Cenevrə konvensiyalarına əsasən, hərbi cinayət sayılır. Lakin işğalçı dövlət buna məhəl qoymadı.

2020-ci ilin 27 sentyabrında Ermənistan ordusunun növbəti hücumuna cavab olaraq Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücumla keçərək Vətən müharibəsinə başladı. 44 gün davam edən bu savaş xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazıldı. Qubadlı əməliyyatı müharibənin ən çətin, eyni zamanda ən strateji mərhələlərindən biri idi. Rayonun mürəkkəb relyefi, yüksəkliklər düşmən nəzarətində idi. Amma Azərbaycan əsgəri əzm və cəsarət göstərərək bu sınaqdan da şərəflə çıxdı. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri qəhrəman oğullarımız tərəfindən azad olundu. Prezident İlham Əliyev həmin gün xalqımıza müraciətində böyük fəxrlə bildirdi: “Bu gün Qubadlı şəhəri azad olundu! Qubadlı bizimdir!” Bu xəbər bütün Azərbaycanı birləşdirən, illərin həsrətinə son qoyan, xalqımıza qürur və sevinc bəxş edən tarixi an idi.

Zəfərdən sonra Qubadlıda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Artıq Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə rayonda müasir infrastruktur layihələri həyata keçirilir. Belə ki, Qubadlı şəhərində yeni yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimləri keçirilib. Rayonun elektrik, su və qaz infrastrukturu bərpa olunur, yeni yollar çəkilir, “ağıllı kənd” layihələri icra edilir.

Bu gün Qubadlıda həyat yenidən canlanır. Qarabağın digər bölgələri kimi Qubadlı da azadlığın, yenidənqurmanın və dövlət qayğısının parlaq nümunəsinə çevrilib. Otuz ilə yaxın doğma torpağından uzaqda yaşayan Qubadlı sakinləri bu gün qayıdış gününü səbirsizliklə gözləyirlər. Onlar bilirlər ki, bu qayıdış artıq uzaqda deyil. Dövlətin həyata keçirdiyi layihələr, tikilən yollar və salınan yeni kəndlər bu arzunun reallaşmasına bir addımlıq məsafədə dayanıb. Bu gün Qubadlı dağıntıların deyil, dirçəlişin rəmzidir. Burada hər daş, hər təpə, hər bulaq bir şəhidin izi, bir xalqın iradəsi ilə yoğrulub. Qubadlı tariximizdə yalnız keçmişin ağrısı kimi deyil, həm də gələcəyin ümid çırağı kimi qalacaq.