
Culfa rayonunun Ərəzin kəndində Culfa Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin, Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin, kənd icra nümayəndəliyinin və Bələdiyyənin təşkilatçılığı ilə sudan səmərəli və qənaətlə istifadə olunması mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edənlər son günlər havaların kəskin istiləşməsi və yağıntıların azalmasının qlobal iqlim dəyişikliyi ilə bağlı olduğunu vurğulayıblar. Bildirilib ki, bu vəziyyət təkcə təbiətə deyil, həm də insan həyatına, kənd təsərrüfatına və su ehtiyatlarına ciddi təsir göstərir. İçməli və suvarma suyunun qıtlığı artıq bir çox bölgələrdə özünü göstərməkdədir.
Görüşdə vurğulanıb ki, belə şəraitdə sudan düzgün istifadə etmək, su itkisinin qarşısını almaq, qənaətli və müasir avadanlıqlardan istifadə etmək olduqca vacibdir. Hər bir vətəndaş bu məsuliyyəti dərk etməli, su ehtiyatlarının qorunmasına öz töhfəsini verməlidir.