Rayonumuzda 12 Noyabr Azərbaycan Respublikasının Konstitusiyası Gününə həsr olunmuş tədbir keçirilib.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Culfa Rayon Mədəniyyət Sarayında “Azərbaycan Respublikası Konstitusiyası: 30 il hüquq və ədalət təminatında” adlı tədbir təşkil olunmuşdur. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Culfa Rayon Prokuroru Afət Kərimli çıxış ediblər.

Çıxışlarda Konstitusiyamızın müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sahələrdə köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl, mütərəqqi sənəd olduğu, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaradaraq onun inkişafına güclü təkan verib hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdiyindən, insan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoyulduğundan söhbət açılmışdır.

Müasir demokratik dövlətdə suverenliyin daşıyıcısı və hakimiyyətin yeganə mənbəyi xalq olduğu üçün konstitusiyanın da xalq tərəfindən  qəbul edildiyi, demokratik hüquqi dövlətdə  nəinki dövlətin, habelə xalqın dövlətçilik iradəsini ifadə edən əsas qanun olduğu bildirilmiş, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulunun dövlətçilik tarixində mühüm hadisə olduğu vurğulanmışdır. 

Natiqlər çıxışlarında bu gün Azərbaycan Respublikasının xalqımızın milli maraqlarını rəhbər tutaraq yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirməyini, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq qarşıda duran strateji hədəflərə doğru inamla irəlilədiyini bildirmişlər.