Şəhid Göydağlı Ramazan Əbülfət oğlunun anım günü qeyd olunub

Şəhidlərimiz bizim and yerimiz, qürur mənbəyimizdir. Ona görə ki, bu Vətən sevdalıları tərəddüd etmədən, ölümün gözünə dik baxaraq torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçiblər. Öz cəsarətləri ilə düşmənə sübut ediblər ki, Vətən torpağının hər qarışı onlar üçün müqəddəsdir.  

Yurdumuzu yağı düşməndən qoruyarkən canından keçən qəhrəmanlarımızdan olan Göydağlı Ramazan Əbülfət oğlu 44 günlük ikinci Qarabağ müharibəsində şəhidlik zirvəsini fəth etməklə, adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. Xocavənd rayonunun Qırmızı Bazar kəndi istiqamətində gedən ağır döyüşlər zamanı, 2020-ci ilin bu günü şəhid olan Ramazan dünyaya göz açdığı Kırna kəndində dəfn olunub. 

Şəhidimizin anım günündə keçirilən tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini icra edən Sara Hüseynova, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov, rayonda fəaliyyət göstərən hüquq-mühavizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri, icra hakimiyyətinin əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Şəhid əsgər Ramazan Göydağlı ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.