Şəhid Hafis Qasımov doğum günündə məzarı başında yad olunub

Bu gün 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı ən ağır döyüşlərin getdiyi bölgələrdən biri olan Füzuli istiqamətində gedən döyüşlər zamanı böyük qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə yüksələn Qasımov Hafis Cavanşir oğlunun doğum günüdür. Hafis 18 iyul 1998-ci ildə ildə Culfa rayon Camaldın kəndində anadan olmuşdur. Şəhidimizin doğum günü münasibətilə məzarı başında keçirilən anım tədbirində Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Culfa rayon prokuroru Afət Kərimli, Culfa Rayon Polis Şöbəsinin rəisi Namiq Həsənov, Culfa Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının, Sosial Xidmətlər Agentliyinin Culfa Rayon sektorunun, digər idarə, müəssisə, təşkilatların əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, şəhid Ramazan Göydağlının atası Əbülfət Əliyev, şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədov, şəhid Kənan Quliyevin anası İlhamə Quliyeva və digər çıxış edənlər Hafisin keçdiyi döyüş yolundan bəhs etmiş və şəhidlərimizin əziz xatirəsinə öz ehtiramlarını bildirmişdir. Çıxışlar zamanı vurğulanmışdır ki, Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunan Hafis Qasımov, son olaraq 25 iyun 2026-cı il tarixdə müvafiq sərəncamla 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. Bu isə şəhidə və onun keçdiyi döyüş yoluna göstərilmiş diqqətin ən bariz nümunəsidir.

Tədbirin sonunda şəhidin məzarına tər gül dəstələri düzülmüş, xatirə şəkili çəkdirilmişdir.