
1992-ci ilin bu günü dünyaya gəlmiş Vətən müharibəsi şəhidi Quliyev Kənan Vaqif oğlunun doğum günü münasibətilə Culfa şəhərində anım tədbiri keçirilib. Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əjdər Əliyev, Culfa Rayon Polis Şöbəsinin rəisi Namiq Həsənov, rayonun idarə və müəssisə rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım tədbirində çıxış edən Sara Hüseynova qeyd edib ki, “Şəhidlərimiz bizim qürur mənbəyimizdir. Torpaqlarımızın azadlığı uğrunda canından keçən igidlərimizi xalqımız heç vaxt unutmayacaq. Onların qəhrəmanlığı gələcək nəsillərə örnək olacaq, daim ehtiramla yad ediləcək.”
Digər çıxış edənlər bildiriblər ki, xalqımız öz qəhrəmanlarını heç vaxt unutmayacaq. Şəhidlərimizin göstərdiyi igidlik, fədakarlıq hər zaman xatırlanacaq.
Şəhidimizin ailəsi göstərilən diqqət və ehtirama görə öz təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda şəhidimizin ruhuna dualar oxunub və məzarına gül dəstələri düzülüb.