
Culfa rayonunun Ləkətağ kəndində 2022-ci ildə düşmənə qarşı keçirilmiş "qisas" əməliyyatı zamanı şəhid olmuş leytenant Əliyev Babək Əsgər oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib. Tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə, İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhid ailələri iştirak ediblər. Əvvəlcə şəhid Babək Əliyevin məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib. Şəhid leytenant Əliyev Babək Əsgər oğlu 1997-ci il oktyabrın 1-də Culfa rayonunun Ləkətağ kəndində anadan olub. O, Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla iştirak edib. Babək Əliyev 2022-ci ilin avqust ayında keçirilən “Qisas” əməliyyatı zamanı düşmənin əvvəlcədən basdırdığı minaya düşərək şəhidlik zirvəsinə ucalıb. Daha sonra şəhidimizin mövlud günü ilə əlaqədar kənd mərasim evində ehsan süfrəsi təşkil olunub. Mərasimdə şəhidin əziz xatirəsi yad edilib, ruhuna dualar oxunub.