Şəhid leytenant Nihat Seyidovun anım günü qeyd olunub

Azərbaycanın müasir tarixinə şərəfli səhifə kimi yazılan İkinci Qarabağ müharibəsi xalqımızın qəhrəmanlıq ruhunun, milli birliyinin və Vətən sevgisinin parlaq təcəssümüdür. Bu şanlı Zəfərin əldə olunmasında canını fəda edən igidlərimizdən biri də şəhid leytenant Nihat Mehman oğlu Seyidovdur.

Bu gün Nihatın şəhid olmasından beş il ötür. Nihat Seyidov Vətən müharibəsi zamanı Suqovuşanın azad olunması uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb. O, gənc yaşında göstərdiyi şücaətlə əbədiyyətə qovuşdu və adı xalqımızın hər bir fərdinin qəlbinə əbədi olaraq həkk olundu.

Şəhidimizin anım günü ilə əlaqədar Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları məzarını ziyarət edib, ehtiramlarını bildiriblər.

Qeyd edək ki, şəhid leytenant Nihat Seyidov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə bir sıra dövlət təltiflərinə layiq görülüb. O, 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "Döyüşlərdə fərqlənməyə görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.