
Azərbaycan tarixinə Vətən müharibəsi kimi yazılan İkinci Qarabağ müharibəsində qazandığımız möhtəşəm qələbə, Şanlı Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Xalqımıza bu qürurverici qələbəni yaşadan qəhrəmanlarımızdan biri də Nəcəfov Yaqub Məhəmməd oğludur. Yaqub Cəbrayıl, Füzuli, Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, 9 noyabr 2020-ci ildə Şuşa şəhəri uğrunda gedən savaşda şəhadətə yüksəlib. Şəhidimizin anım günü münasibətilə Culfa Rayon Mədəniyyət Sarayında xüsusi tədbir keçirilib. Tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları, Naxçıvan Ali Məclisinin deputatı Əjdər Əliyev, idarə-müəssisələrin nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər. Anım mərasimində həmçinin Ədalət Cəfəroğlunun şəhidin həyat və döyüş yoluna həsr olunmuş “Yaqub Nəcəfovun yaddaşa yazılan ömür dastanı” adlı kitabının da təqdimatı gerçəkləşib.
Tədbirdən sonra iştirakçılar şəhidimizin məzarını ziyarət ediblər.
Şəhid Leytenant Yaqub Nəcəfov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşcü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.