
Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan Vətən müharibəsində göstərdiyi igidlik və fədakarlıqla adını xalqımızın yaddaşına əbədi həkk edən qəhrəmanlarımızdan biri də şəhid leytenant Quliyev Vəli Kamal oğludur. Vəli 44 gün davam edən Vətən müharibəsində göstərdiyi igidliyə, şücaətə görə döyüş yoldaşları arasında "Naxçıvan canavarı" ləqəbi ilə çağırılır. Leytenant Vəli Quliyev Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan və Qubadlı rayonlarının düşməndən azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş və 2020-ci il noyabrın 6-da Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Şəhidimizin anım günündə Culfa Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları məzarını ziyarət ediblər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, leytenant Vəli Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.