Şəhid Vəli Quliyev doğum günündə məzarı başında yad olunub

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı ölümsüzləşən qəhramanlardan biri kimi adını tarixə yazdıran Quliyev Vəli Kamal oğlu 20 iyul 1997-ci ildə Culfa rayon Qazançı kəndində anadan olmuşdur. Şəhidimizin doğum günü münasibətilə Naxçıvan şəhərində uyuduğu məzarı başında keçirilən anım tədbirində Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini - Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Ruslan Cəfərov da iştirak etmişdir. Tədbridə iştirak edən dövlət rəsmiləri və ictimaiyyət nümayəndələrindən çıxış edənlər Vəlinin keçdiyi döyüş yolundan və 23 illik qısa ömrünə sığdırdığı böyük qəhrəmanlıq dastanından bəhs etdilər. Çıxışlar zamanı vurğulandı ki, Vəli Quliyev Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətə görə ölümündən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. Tədbirin sonunda şəhidin məzarına tər gül dəstələri düzülmüş, ruhuna dualar oxunmuş, xatirə şəkli çəkdirilmişdir.