Vətən torpağının azadlığı naminə canlarından keçən şəhidlərimiz heç vaxt unudulmur, daima xatirələrdə yaşayırlar. Şəhidlik zirvəsini fəth edərək qəlblərdə özünə məskən salan qəhrəman oğullarımızdan biri də Hüseynov Coşqun Hüseyn oğludur. Coşqun 19 may 1992-ci ildə Sədərək rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir. Bu gün, Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova icra hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri ilə birlikdə şəhidimizi anım günü ərəfəsində məzarı başında yad ediblər.