Şəhidimizin xatirəsi əbədiləşdirilib

Ermənistanın hərbi təcavüzü zamanı Naxçıvanın müdafiəsinə qalxan igid vətən övladlarından biri olan Mahmud Zeynalov Sədərək istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Onun göstərdiyi şücaət xalqımızın yaddaşında daim yaşayacaq, adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaqdır. Şəhidimizin əziz xatirəsinin əbədiləşdirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə Ərəzin kənd tam orta məktəbində Mahmud Zeynalovun adını daşıyan sinif otağı yaradılmışdır. Bu münasibətlə keçirilən tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin əməkdaşları, məktəbin pedaqoji heyəti, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirin sonunda şəhidimizin Ərəzin kənd qəbiristanlığında yerləşən məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub.