ŞƏRQİN İLK DEMOKRATİK RESPUBLİKASI – AZƏRBAYCAN

XX əsrin əvvəllərində dünyada və regionda baş verən mürəkkəb siyasi hadisələr xalqların taleyində mühüm dəyişikliklərə səbəb olmuşdu. 1917-ci ildə Rusiyada baş verən inqilab nəticəsində Çar Rusiyası dağıldı və imperiyanın tərkibində yaşayan xalqlar üçün tarixi imkan yarandı. Bu tarixi fürsəti düzgün qiymətləndirən Azərbaycan ziyalıları və vətənpərvər oğulları müstəqil dövlət yaratmaq uğrunda mübarizəyə başladılar. Nəticədə 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən İstiqlal Bəyannaməsi qəbul edildi və Şərqdə ilk demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı bütün dünyaya bəyan edildi.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması təkcə xalqımız üçün deyil, bütövlükdə Şərq dünyası üçün mühüm tarixi hadisə idi. Çünki bu dövlət müsəlman Şərqində ilk demokratik, hüquqi və parlamentli respublika kimi tarixə düşdü. Yeni yaradılmış respublika xalq hakimiyyəti, insan hüquq və azadlıqları, demokratik idarəçilik prinsiplərinə əsaslanırdı. Bu isə Azərbaycan xalqının yüksək siyasi düşüncəyə, müasir dünyagörüşünə və zəngin dövlətçilik ənənələrinə malik olduğunu sübut edirdi.

Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi qısa müddətdə dövlət quruculuğu istiqamətində mühüm addımlar atdı. Dövlət bayrağı, gerbi və himni qəbul olundu, milli ordu yaradıldı, ana dili dövlət dili elan edildi. Təhsil sahəsində mühüm islahatlar həyata keçirildi, Bakı Dövlət Universiteti təsis edildi. Eyni zamanda qadınlara seçki hüququnun verilməsi Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dəyərlərə nə qədər sadiq olduğunu göstərən ən mühüm addımlardan biri idi. Hətta bir çox Avropa ölkələrindən əvvəl Azərbaycan qadınlara seçmək və seçilmək hüququ verməklə dünya demokratiya tarixinə mühüm töhfə verdi.

Azərbaycan Xalq Cümhuriyyətinin əsas məqsədlərindən biri də ölkənin beynəlxalq aləmdə tanınmasını təmin etmək idi. Gənc respublika qısa müddətdə fəal xarici siyasət yürüdərək dünyanın bir sıra dövlətləri ilə diplomatik əlaqələr qurmağa nail oldu. 1920-ci ilin yanvar ayında Paris Sülh Konfransında Azərbaycanın de-fakto tanınması isə xalqımızın diplomatiya tarixində mühüm uğur kimi yadda qaldı. Bu addım Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yer almağa başladığını göstərirdi.

Lakin mürəkkəb beynəlxalq vəziyyət və regionda gedən siyasi proseslər Azərbaycan Xalq Cümhuriyyətinin uzunömürlü olmasına imkan vermədi. 1920-ci il aprelin 28-də bolşevik Rusiyasının XI Qırmızı Ordusu Azərbaycanı işğal etdi və cümhuriyyətin fəaliyyətinə son qoyuldu. Bununla da xalqımız yenidən uzun illər müstəqillikdən məhrum oldu. Ancaq Azərbaycan xalqının azadlıq arzusu heç vaxt sönmədi, milli dövlətçilik ideyası daim yaşadıldı.

1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi. Lakin müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi böhran, iqtisadi çətinliklər, Ermənistanın hərbi təcavüzü və daxili qarşıdurmalar dövlətçiliyimizi ciddi təhlükə qarşısında qoymuşdu. Belə bir ağır və mürəkkəb şəraitdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Onun uzaqgörən siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin olundu, dövlət quruculuğu prosesi gücləndirildi və müstəqilliyimizin möhkəm təməlləri yaradıldı.

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının milli mənlik şüurunun inkişafına, dövlətçilik ənənələrinin qorunmasına və azərbaycançılıq ideologiyasının formalaşmasına mühüm töhfələr verdi. Məhz onun təşəbbüsü ilə üçrəngli bayrağımız ilk dəfə Naxçıvan Muxtar Respublikasında dövlət bayrağı kimi qəbul edildi və xalqımızın milli qürur rəmzinə çevrildi.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edən, güclü və qalib dövlət kimi dünya birliyində öz layiqli yerini tutur. Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi qüdrətin artmasına, sosial rifahın yüksəlməsinə və dövlətimizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması isə xalqımızın milli birliyinin, güclü dövlət siyasətinin və ordumuzun qüdrətinin ən böyük göstəricisidir.

Bu gün üçrəngli dövlət bayrağımız azad və suveren Azərbaycanın hər guşəsində qürurla dalğalanır. Bu bayraq xalqımızın keçdiyi şərəfli yolun, mübarizə əzminin və müstəqillik iradəsinin simvoludur. Azərbaycan xalqı öz dövlətinə, müstəqilliyinə və milli dəyərlərinə daim sahib çıxacaq, dövlətçilik ənənələrini gələcək nəsillərə ötürəcəkdir.

28 May – Müstəqillik Günü münasibətilə bütün xalqımızı ürəkdən təbrik edirik.

 YAŞASIN MÜSTƏQİL  AZƏRBAYCAN!