Şanlı Zəfərim 5 yaşında

 

“Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.”

 

Azərbaycan Respublikasının Prezidenti,

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev

 

1988-ci ildə başlayan Qarabağ hadisələri təkcə bir münaqişənin yox, bütün Cənubi Qafqazın sabitliyinə, Azərbaycanın suverenliyinə qarşı yönəlmiş tarixi ədalətsizliyin başlanğıcı idi. Erməni ideoloqlarının uydurduğu və regionun reallıqları ilə heç bir halda uyğun gəlməyən “dənizdən dənizə Ermənistan” xülyası qan, göz yaşı və dağıntılarla müşayiət olundu. Kəndlərimiz yandırıldı, şəhərlərimiz yerlə-yeksan edildi, minlərlə insan həyatını itirdi, yüz minlərlə soydaşımız evindən, yurdundan didərgin salındı. Bütün dünyanın gözü qarşısında bir millət doğma torpağında qaçqın vəziyyətində yaşamağa məcbur edildi. Bu, sadəcə ərazi iddiası deyil, həm də mədəni irsə, tarixi yaddaşa, milli kimliyə qarşı aparılan vəhşi bir ideoloji təcavüz idi. İşğal olunmuş torpaqlarda yüzlərlə tarixi abidəmiz, məscidlərimiz, muzeylərimiz məhv edildi. Ancaq xalqımız bu işğalla heç vaxt barışmadı. Və nəhayət, 2020-ci ildə 44 gün ərzində Azərbaycan əsgəri düşmənin planlarını darmadağın etdi. Tarixi ədalət bərpa olundu. Dünya bir daha şahid oldu: Torpaq uğrunda ölən varsa, Vətəndir!

İşğal illərində Prezident İlham Əliyevin zərgər dəqiqliyi ilə apardığı siyasət nəticəsində dövlətimizin hərbi, siyasi və iqtisadi dayaqları gücləndirildi. Ən əsası isə güclü və müasir tələblərə cavab verən silahlı qüvvələr formalaşdırıldı. Ordumuzun döyüş qabiliyyəti sistemli şəkildə gücləndirildi, ən müasir silah-sursat, hərbi texnika və avadanlıqlarla təchiz edildi.  

Bu gün Azərbaycan regionda mühüm geosiyasi aktora çevrilib və bu reallıq artıq beynəlxalq ictimaiyyət tərəfindən də qəbul olunub. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistanın əksinə, Azərbaycan qlobal əhəmiyyət daşıyan transmilli layihələrin təşəbbüskarı və icraçısı qismində çıxış edərək regionun enerji və nəqliyyat xəritəsini də köklü şəkildə dəyişib. Xüsusilə enerji sektorunda Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kimi mühüm layihələrin həyata keçirilməsi Azərbaycanın dünya enerji bazarına çıxışını təmin etməklə yanaşı, region ölkələrinin də iqtisadi maraqlarına xidmət edir. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz kimi strateji nəqliyyat layihələri regionda yeni əməkdaşlıq imkanlarının yaranmasına da şərait yaratmışdır. Ölkəmizin beynəlxalq nüfuzunun artmasına səbəb olan digər mühüm amil isə beynəlxalq təşkilatlarla qurduğu səmərəli əməkdaşlıqdır. Münaqişə dövründə Azərbaycan BMT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti, Türk Dövlətləri Təşkilatı və digər qurumlarla fəal əməkdaşlıq etmişdir. Nəticədə bu təşkilatlar tərəfindən qəbul edilən sənədlərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü dəstəklənmişdir. Xüsusilə Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına verilən açıq dəstək Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində apardığı siyasətin uğurunu təsdiqləyir.

Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədilə 1992-ci il 24 mart tarixində yaradılan ATƏM-in (sonradan ATƏT) Minsk qrupu fəaliyyəti dövründə beynəlxalq vasitəçilik mexanizminin səmərəsizliyini nümayiş etdirmişdir. Belə ki, Minsk qrupunun 29 ildə həyata keçirdiyi missiya problemin həllinə deyil, onun dondurulmasına, status-kvonun qorunmasına xidmət etmişdir. Bu müddət ərzində Ermənistanın işğalçılıq siyasəti davam etmiş, beynəlxalq hüququn norma və prinsipləri sistemli şəkildə pozulmuşdur. Azərbaycan isə məsuliyyətli və hüquqa hörmət edən bir dövlət olaraq, bütün dövrlərdə münaqişənin beynəlxalq hüququn normaları çərçivəsində, sülh yolu ilə həllinə çalışmışdır. Lakin proseslərə nə ATƏT-in Minsk qrupunun həmsədrləri, nə də Birləşmiş Millətlər Təşkilatı tərəfindən adekvat və konkret təzyiq mexanizmləri tətbiq olunmamışdır. BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilən 822, 853, 874 və 884 saylı qətnamələr Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, bu sənədlər uzun illər ərzində yalnız formal xarakter daşıyaraq kağız üzərində qalmışdır. Qətnamələrin icra edilməməsi beynəlxalq təşkilatların və beynəlxalq hüququn tətbiqi mexanizmlərinin yetərsizliyini, ikili standartlar üzərində qurulmuş yanaşmanı bir daha sübut etmişdir. Göstərilən qayğıdan, səmimi münasibətdən daha da ruhlanan Ermənistan dövləti 2020-ci il sentyabrın 27-də genişmiqyaslı təxribatlara əl ataraq cəbhə xəttinin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini və mülki yaşayış məntəqələrini intensiv atəşə tutdu. Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərindən Qazax rayonu ərazisindəki, Krasnoselsk rayonu istiqamətindən isə Gədəbəy rayonunun Zamanlı kəndində və digər yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutuldu. Tərtər rayonunun işğal altında olan Çiləbürt kəndi, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığındakı ərazilər, eləcə də Goranboy və Tərtər rayonlarındakı mövqelərimiz də düşmən atəşinə məruz qaldı. Bu təxribatlar nəticəsində mülki əhali arasında tələfat və yaralananlar oldu. Ermənistanın hərbi təcavüzünün qarşısını almaq və dinc sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bütün cəbhə boyu genişmiqyaslı əks-hücum məliyyatına başladı. “Dəmir yumruq” adlandırılan bu əməliyyat Azərbaycanın 30 illik həsrətinə son qoydu. Cəbhənin bütün istiqamətlərində uğurlu irəliləyişlər əldə olundu, hər gün yeni yaşayış məntəqələri və strateji yüksəkliklər azad edildi. Azərbaycan Ordusu Vətən uğrunda mübarizədə misilsiz qəhrəmanlıq göstərdi və 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa edərək tarixi Zəfərə imza atdı.

Ordumuzun 2020-ci il sentyabrın 27-də Qarabağda başlatdığı uğurlu əks-hücum əməliyyatı ölkəmizin müasir tarixində şanlı zəfərin başlanğıcı oldu. Nəticədə cəmi 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad olundu. Qısa müddət ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərinin azad edilməsi, eyni zamanda Hadrut və digər strateji ərazilərin geri alınması Azərbaycan əsgərinin rəşadətini və Ordumuzun peşəkarlığını dünya görmüş oldu. Ən əsası isə odur ki, Azərbaycan, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, öz torpaqlarını hərbi-siyasi yolla azad etdi. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan üçtərəfli Bəyanatla hərbi əməliyyatlara son qoyuldu və Ermənistan kapitulyasiya aktına imza atdı. Bəyanata əsasən Ağdam rayonu noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də, Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarıldı. 2022-ci ilin avqustunda Laçın şəhəri, Zabux və Sus kəndləri də nəzarətə götürüldü. Bu zəfər Azərbaycan xalqının birliyinin, xalq-ordu-ali rəhbər tandeminin təntənəsidir. Könüllü olaraq ordu sıralarına qoşulan on minlərlə insan, təxribatlara baxmayaraq yurdunu tərk etməyən vətəndaşlarımız, cəbhəyə dəstək göstərən xalq – bütün bunlar milli həmrəyliyin nümunəsi oldu.

Vətən müharibəsində Ordumuz təkcə Ermənistanın hərbi birləşmələrini deyil, həm də 30 illik "məğlubedilməz erməni ordusu" mifini darmadağın etdi. Tarix bu şanlı Qələbəni Azərbaycan xalqının əzmkar iradəsinin və şəhidlərimizin müqəddəs qanı ilə yazılmış böyük zəfəri kimi yadda saxlayacaq.

Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfər yalnız hərbi qələbə deyil, həm də milli birliyin, dövlət-xalq-ordu birliyinin nəticəsi idi. Bu qürur anında siyasi əqidəsindən asılı olmayaraq ölkədə fəaliyyət göstərən əksər siyasi partiyalar bir araya gələrək birgə bəyanat imzaladılar. Bəyanatda Ermənistanın işğalçılıq siyasəti pislənir, mülki əhalinin bombalanması insanlığa qarşı cinayət kimi qiymətləndirilirdi və beynəlxalq təşkilatlardan buna hüquqi-siyasi qiymət verilməsi tələb olunurdu. Lakin bu milli həmrəyliyə AXCP, Müsavat Partiyası və "Milli Şura" kimi radikal müxalifət qüvvələri qoşulmadı. Onların bu addımı milli maraqlara qarşı mövqe kimi dəyərləndirildi. Hakimiyyətə müxalifət etmək adı altında Vətənə müxalif mövqe sərgiləmək, xalqın qələbə sevincinə şərik olmamaq onların gerçək siyasi mahiyyətini və antimilli fəaliyyətini bir daha üzə çıxardı. Belə bir həssas məqamda birlik nümayiş etdirmək əvəzinə susqunluq və ya neytrallıq nümayiş etdirmək, sadəcə olaraq siyasi yox, mənəvi məsuliyyətdən də yayınmaq cəhdidir. Bu davranış ictimai rəyə qarşı hörmətsizlik olmaqla yanaşı, həm də radikal müxalifətin cəmiyyətdəki etibarını bir daha ciddi şəkildə zədələmişdir.

Bütün çətinliklərə baxmayaraq Azərbaycan-Ermənistan sərhədində, Laçın rayonu ərazisində yerləşən Həkəri çayı üzərində 2023-cü il aprelin 23-də yaradılan “Laçın” sərhəd-buraxılış məntəqəsi ölkəmizin suveren hüquqlarının tam bərpası istiqamətində atılmış mühüm addım kimi tarixə yazıldı. Bu sərhəd-buraxılış məntəqəsinin qurulması yalnız texniki bir tədbir deyil, həm də mühüm geosiyasi hadisə, Azərbaycanın ərazi bütövlüyü və sərhədləri üzərində tam nəzarətinin təmin olunması baxımından tarixi əhəmiyyətə malikdir. “Laçın” sərhəd-buraxılış məntəqəsinin fəaliyyətə başlaması ilə dövlətimizin suverenliyi real şəkildə sərhədlərimizdə tətbiq olunmağa başlandı. Üçrəngli bayrağımızın burada ucaldılması, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin və müstəqil siyasətinin təntənəsidir. Bu hadisə, 2020-ci ilin Zəfərindən sonra əldə olunan ən böyük siyasi-hərbi uğurlardan biri kimi tarixə düşdü. Azərbaycan bu addımı ilə həm Ermənistana, həm də beynəlxalq ictimaiyyətə bir daha göstərdi ki, regionda yeni reallıqlar məhz Azərbaycan tərəfindən formalaşdırılır və bu reallıqlara hörmətlə yanaşmaq lazımdır.

Azərbaycan Respublikası 2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirlərinə start verməklə, dövlət suverenliyinin tam bərpa edilməsi istiqamətində mühüm və qətiyyətli addım atdı. Bu tədbirlərin həyata keçirilməsində əsas məqsəd 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarının icrasını təmin etmək, bölgədə törədilən təxribatların qarşısını almaq, Ermənistan silahlı qüvvələrinin qalıqlarını ərazilərimizdən çıxarmaq, onların hərbi infrastrukturunu zərərsizləşdirmək, dinc əhalinin və quruculuq prosesinə cəlb olunan mülki şəxslərin təhlükəsizliyini təmin etmək və Azərbaycan Respublikasının konstitusiya quruluşunu tam bərpa etmək idi. Qısa müddət ərzində yüksək dəqiqliklə və yalnız legitim hərbi hədəflərə qarşı aparılan bu əməliyyatlar nəticəsində bölgədəki separatçı silahlı qruplar tərksilah olundu. Ermənistanın hərbi kontingentləri ərazimizi tərk etdi və Azərbaycanın suverenliyi bütün Qarabağ üzərində bərpa olundu. 2023-cü il sentyabrın 20-də Rusiya sülhməramlı kontingenti vasitəsilə Qarabağın erməni sakinlərinin nümayəndələrinin müraciəti əsasında antiterror əməliyyatı dayandırıldı. Bu tarixi prosesin məntiqi davamı olaraq, 15 oktyabr 2023-cü il tarixində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldıraraq dövlətimizin tam suverenliyini rəsmi şəkildə bəyan etdi. Bu hadisə, 30 illik işğalın başa çatdığını və Azərbaycan Respublikasının ərazi bütövlüyünün və konstitusiya quruluşunun bərpa olunduğunu göstərən mühüm simvola çevrildi.

2020-ci il dekabrın 10-da Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən Azadlıq Meydanında Vətən müharibəsində əldə edilmiş tarixi Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Parad Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və qardaş Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul olundu. Paradda Azərbaycan Ordusunun 3000 nəfərlik şəxsi heyəti ilə yanaşı, Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edərək qardaşlıq və strateji müttəfiqlik nümunəsi nümayiş etdirdilər. Zəfər paradında Azərbaycan Ordusunun müasir silah və hərbi texnikası, Vətən müharibəsində qənimət kimi ələ keçirilmiş Ermənistan ordusuna məxsus hərbi texnika və silahlar nümayiş etdirildi. Zəfər paradı Azərbaycan xalqının 30 illik işğala son qoyaraq dövlət suverenliyini bərpa etməsinin və xalq-ordu birliyinin rəmzi kimi tarixə yazıldı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə postmünaqişə dövründə həyata keçirilən strateji istiqamətlərdən biri də Böyük Qayıdış – Azərbaycanın dövlət siyasətində mühüm yer tutur. 2022-ci il 16 noyabr tarixində imzalanmış Sərəncamla təsdiq olunan “Böyük Qayıdışa dair I Dövlət Proqramı” işğaldan azad olunmuş ərazilərin bərpasını və bu torpaqlara əhalinin təhlükəsiz şəkildə qayıdışını təmin etmək məqsədi daşıyır.

Dövlət Proqramı çərçivəsində yaşayış məntəqələrinin tikintisi, nəqliyyat və enerji infrastrukturu, mina təmizləmə, iqtisadi reinteqrasiya və məşğulluqla bağlı genişmiqyaslı tədbirlər icra olunur. Bu günə qədər 15 yaşayış məntəqəsində bərpa işləri tamamlanıb, 27-də tikinti, 25-də isə təmir-bərpa işləri davam edir. Ümumilikdə, 2025-ci il də daxil olmaqla azad olunmuş ərazilərin bərpası üçün 21.6 milyard manat vəsait ayrılıb.

2025-ci il oktyabrın 1-nə olan məlumata əsasən, “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə əhalinin mərhələli şəkildə köçürülməsi uğurla davam etdirilir. Artıq 19 min 109 nəfərdən ibarət 4.826 ailənin daimi yaşayış üçün bərpa olunmuş yaşayış məntəqələrinə qayıdışı təmin edilib.

Eyni zamanda, bərpa-quruculuq işlərində və digər peşə fəaliyyətlərində iştirak edən, eləcə də müvəqqəti yaşayan şəxslər və onların ailə üzvlərinin sayı 38.304 nəfərə çatıb. Qarabağ Universitetində təhsil alan 2152 nəfər tələbə də nəzərə alınmaqla, işğaldan azad olunmuş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 59.565 nəfər təşkil edir.

Köçürülən sakinlərin sosial-iqtisadi inteqrasiyası və rifahı istiqamətində görülən tədbirlər nəticəsində 2025-ci ilin ilk 9 ayı ərzində bu şəxslərin məşğulluğu da təmin olunub. Belə ki, indiyədək 6.300-ə yaxın şəxs işlə təmin edilib ki, bu da iqtisadi fəal əhalinin 92 faizini təşkil edir. Əlavə olaraq, 513 şəxs özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə biznesi sahələrinə cəlb olunub, 258 nəfər üçün isə peşə kursları təşkil edilib.

Bu nəticələr işğaldan azad edilmiş ərazilərdə dayanıqlı və davamlı məskunlaşmanın təmin olunması istiqamətində dövlətin həyata keçirdiyi ardıcıl siyasətin real göstəricisidir.

 

 “Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır.” 

 

Azərbaycan Respublikasının Prezidenti,

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev

“Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.”

 

Azərbaycan Respublikasının Prezidenti,

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev