
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. 44 gün ərzində həyata keçirilən sürətli döyüş əməliyyatları ilə Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olunub.
Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. Noyabrın 10-da hərbi əməliyyatlar dayandırıldıqdan sonra, Qarabağ ərazisindəki digər şəhər, qəsəbə və kəndlər üzərində də Azərbaycanın suveren hüquqları tanınmış, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur.
Qarabağda qeyri-qanuni fəaliyyətini davam etdirən xunta rejiminə qarşı 2023-cü il sentyabrın 19-da, Şanlı Ordumuz tərəfindən 23 saat 43 dəqiqə ərzində həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı nəticəsində Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımız dalğalandı. Bununla da Azərbaycan öz suverenliyini tam şəkildə bərpa etdi.