Dünyamalıyev Ceyhun Zeynal oğlu

Vəzifəsi: Leytenant

Xalqımızın var olma səbəbi olan şəhidlərimizi gələcək nəsillərimiz hər an qürurla xatırlayacaq. Çünki onlar Vətən torpaqlarını düşmən işğalından azad edərkən canları bahasına, qarış-qarış irəliləyərək Azərbaycan tarixində misilsiz qəhrəmanlıq salnaməsi yazdılar. Ermənistan ordusunun işğal etdiyi torpaqlarımızda qurduğu istehkam və səngərləri Vətən müharibəsi zamanı bir-bir yıxıb keçərək nəinki düşmənə, bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qüdrətini göstərdilər. Onların rəşadəti, fədakarlığı və vətənpərvərliyi bütöv bir xalqın tarixini dəyişdi.

Xüsusi Təyinatlı Qüvvələrin mənsubu kimi ikinci Qarabağ savaşına qatılan Ceyhun Dünyamalıyev də göstərdiyi şücaət, qorxmazlıq və vətənpərvərliyi ilə adını Azərbaycan tarixinə şərəflə yazdıran igidlərimizdən biridir. O, yalnız bir döyüşçü deyil, eyni zamanda Vətən sevgisini canı ilə sübut edən, igidliyi ilə tarix yazan mərd oğullarımızdandır. Ceyhun 1996-cı il oktyabr ayının 15-də Culfa şəhərində anadan olub. 2002-2011-ci illərdə Culfa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alan Ceyhun Dünyamalıyev 2014-cü ildə Heydər Əliyev adına Hərbi Liseyi, 2018-ci ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirir. İlk olaraq Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə rabitəçi olaraq xidmətə başlayan Ceyhun bir müddət sonra Xüsusi Təyinatlı Qüvvələrə qəbul edilir. Ceyhun Dünyamalıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə Xüsusi Təyinatlı Qüvvələrin mənsubu kimi qatılır və noyabr ayının 9-da Şuşa şəhəri uğrunda gedən döyüşlər zamanı şəhid olur. Ceyhun xidməti dövründə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, ölümündən sonra 3-cü dərəcəli "Rəşadət ordeni", “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və "İgidliyə görə" medalları ilə təltif edilib. Subay olan şəhidimiz Culfa şəhər qəbiristanlığında dəfn olunub.