Qasımov Hafis Cavanşir oğlu

Vəzifəsi: Leytenant

44 günlük Vətən müharibəsində düşmənin 30 il ərzində möhkəmləndirdiyi və keçilməz hesab etdiyi müdafiə səddi darmadağın edərək xalqımıza möhtəşəm qələbə sevinci bəxş edən, Zəfərin qazanılmasında misilsiz qəhrəmanlıq göstərən igidlərimizdən biri də 1998-ci il iyul ayının 18-də Camaldın kəndində dünyaya gələn şəhid Qasımov Hafis Cavanşir oğludur. Hafis 2004-2012-ci illərdə Camaldın kənd tam orta məktəbində, 2012-2015-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2015-2019-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Hafis Qasımov 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində leytenant rütbəsi ilə fəaliyyətə başlayır. Azərbaycan Ordusunun fədakar zabiti Hafis Qasımov, 2020-ci ilin 27 sentyabr tarixində başlanan Vətən müharibəsində iştirak edərək torpaqlarımızın azadlığı uğrunda canını fəda edən qəhrəmanlardan biridir. Hafis 2020-ci il oktyabr ayının 14-də Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Şəhid zabitimiz xidmətdə olarkən "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə, ölümündən sonra isə “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Subay olan şəhidimiz doğma yurdu olan Culfa rayonunun Camaldın kənd qəbiristanlığında dəfn edilib.