Vəzifəsi: Kiçik gizir
Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda yazılan şanlı zəfər salnaməsinin formalaşmasında əvəzsiz xidmətlər göstərən, öz igidliyi və vətənpərvərliyi ilə seçilən mərd oğullarımızdan biri də kiçik gizir Rzalı Daşqın Elşad oğludur. Daşqın 1993-cü il may ayının 27-də Culfa rayonunun Yaycı kəndində anadan olub. 2000-ci ildə Yaycı kənd 1 nömrəli tam orta məktəbində təhsil həyatına başlayan Daşqın təhsilini tamamladıqdan sonra 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə yollanır. Hərbi sahəyə olan marağı və vətənə bağlılığı onun 2017-ci ildən Dövlət Sərhəd Xidmətində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi fəaliyyətə başlamasına səbəb olur. O, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin tərkibində, kiçik gizir rütbəsi ilə döyüşlərə qatılır. Rzalı Daşqın oktyabr ayının 21-də Zəngilan rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Daşqın döyüş zamanı göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə" və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəli olan şəhidimiz Culfa rayon Yaycı kənd qəbiristanlığında dəfn olunub.