Vəzifəsi: Əsgər
Vətən uğrunda, onun azadlığı və istiqlaliyyəti uğrunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümləri ilə ölümsüzlüyə qovuşurlar. Azərbaycan tarixinə adını qızıl hərflərlə yazan ölümsüz qəhrəmanlarımızdan biri də Rzayev Kənan Əbdürrəhman oğludur. 1995-ci il sentyabrın 12-də Culfa rayonunun Qızılca kəndində anadan olan Kənan ilk təhsilini doğma kəndində alıb. 2013-2014-cü illərdə həqiqi hərbi xidmətdə olan Kənan 2020-ci ilin aprel ayında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbçi fəaliyyətinə başlayır. Kənan Rzayev 2020-ci il sentyabrın 27-də başlanan ikinci Qarabağ müharibəsi zamanı silaha sarılaraq Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsində yaxından iştirak edir və qəhrəmanlığ ilə seçilir. Xalqımızın igid oğlu Kənan Rzayev 2020-ci ilin 24 oktyabrında Xocavəndin Tuğ kəndinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Kənan ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib. Ailəli olan şəhidimiz Culfa rayon Qızılca kənd qəbiristanlığında dəfn olunub.