Vəzifəsi: Baş leytenant
Zeynalov Mahmud Zeynalabdın oğlu 1962-ci il dekabrın 30-da Culfa rayonunun Ərəzin kəndində anadan olub. O, 1969-1980-ci illərdə Ərəzin kənd tam orta məktəbində təhsil alıb, daha sonra hərbi xidmətə yollanıb. Mahmud ermənilərin ölkəmizə qarşı başlatdığı elan olunmamış müharibə zamanı könüllü olaraq ordu sıralarına qatılır və Sədərəyin müdafiəsi uğrunda gedən döyüşlərdə fəal iştirak edir. Əvvəl leytenant, sonra isə baş leytenant rütbəsinə layiq görülən Mahmud Zeynalov döyüşlər zamanı Culfa rayonundan gələn könüllü dəstələrin nizami qaydada təşkil olunmasında böyük xidmət göstərir. Həmçinin bir sıra mühüm və çətin əməliyyatların aparılmasında da fərqlənir. Erməni təcavüzkarları bütün qüvvələrini cəmləşdirib Əjdəkan dağı, Beşbarmaq-Ucubiz və Mil dağı-Qaraburun istiqamətlərindən hücuma keçən zaman Mahmud da Sədərəyi mərdliklə qorumağa müvəffəq olanlar arasında idi. Düşmənin ağır hücumu zamanı baş leytenant Mahmud Zeynalov 1992-ci il sentyabrın 20-də Mil dağı istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olur. Bir övladı olan şəhidimiz Ərəzin kənd qəbiristanlığında dəfn olunub.