Şirin su ehtiyatlarının qorunması istiqamətində maarifləndirici tədbirlər davam etdirilir

Dünyada baş verən iqlim dəyişiklikləri və artan quraqlıq nəticəsində şirin su ehtiyatları tədricən azalır. Bu qlobal problem artıq ölkəmizdə və o cümlədən Culfa rayonunda da öz təsirini göstərməkdədir. Əhalinin artması, kənd təsərrüfatı sahəsində suya olan tələbatın yüksəlməsi və qeyri-effektiv suvarma metodlarının istifadəsi mövzunu daha da aktual edir.

Mövcud vəziyyəti nəzərə alaraq, Culfa Rayon İcra Hakimiyyəti tərəfindən əhali arasında maarifləndirici tədbirlər keçirilir. Bu tədbirlərdə Culfa Rayon Su və Meliorasiya Sistemlərinin İstismarı İdarəsi, eləcə də Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları da iştirak edirlər. Növbəti görüş rayonun Qazançı və Teyvaz kəndlərində keçirilib.

Görüş zamanı iştirakçılara iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri, sudan qənaətlə istifadə üsulları, müasir suvarma texnologiyalarının üstünlükləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, torpaq mülkiyyətçilərinə öz təsərrüfatlarında müasir metodlara keçidin vacibliyi vurğulanıb.