Su ehtiyatlarının qorunması istiqamətində maarifləndirici tədbirlər davam etdirilir

Dünyada və ölkəmizdə son illər müşahidə olunan qlobal istiləşmə və yağıntıların azalması nəticəsində şirin su ehtiyatlarının tükənməsi ciddi narahatlıq doğurur. Bu dəyişikliklər təkcə ekologiyaya deyil, həm də kənd təsərrüfatı, içməli su təminatı və əhalinin gündəlik həyatına birbaşa təsir göstərir.

Mövcud vəziyyəti nəzərə olaraq, Culfa Rayon İcra Hakimiyyəti, Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi və Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən kəndlərdə əhali arasında mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir. Növbəti belə görüş Gal və Şurud kəndlərində baş tutub. 

Tədbirdə çıxış edənlər suyun düzgün idarə olunmasının və israf edilməməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, su ehtiyatlarının qorunması yalnız dövlət qurumlarının deyil, hər bir vətəndaşın məsuliyyətidir. Xüsusilə kənd təsərrüfatı sahəsində damcı suvarma, çiləmə üsulları və digər müasir texnologiyaların tətbiqi suya qənaət baxımından mühüm əhəmiyyət daşıyır.