Şuşa, sən həmişəlik azadsan!

 

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır! 

Azərbaycan   Respublikasının Prezidenti,

Müzəffər Ali Baş Komandan İlham Əliyev

  

27 sentyabr 2020-ci il. O gün işğalçı Ermənistan ordusunun növbəti hücumuna Azərbaycan əsgərinin əks-hücum əməliyytaı ilə cavab verdiyi gündür. Həmin gün Azərbaycan tarixinin yeni səhifədə, abzasdan, böyük və qızıl hərflərlə yazıldığı gündür. 27 sentyabr 30 ilə yaxın işğal olunmuş əzəli torpaqlarımızın azadlığına qovuşduğu günün başlanğıcıdır. 27 sentyabr Azərbaycan tarixinin axarının dəyişdiyi gündür. O gün bizim milli kimliyimizin, mənəvi dirənişimizin və əbədi azadlığımızın sarsılmaz rəmzidir. O gün Azərbaycan xalqının, Şanlı Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiyi gündür. Bu birlikdəlikdən doğan “Dəmir yumruğ”un düşmənin başını əzdiyi gündür 27 sentyabr. O gün Azərbaycan mədəniyyətinin, musiqisinin, incəsənətinin beşiyi sayılan Şuşa şəhərinin azadlıq hayqırışlarının göylərdə əks-sədasının eşidildiyi gündür. Həmin gün Şuşa Azərbaycan əsgərinin ayaq səslərini, nəfəsindəki intiqam hənirtisini, qəlbindəki qisas arzusunu hiss etmişdi. Şuşa əsirlik həyatının bitəcəyinə sayılı günlərin qaldığını hiss etmişdi. Bəli, o gün gəlib çatmışdı. Vətən müharibəsində, 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Yüngül silahlarla silahlanmış qəhrəman Azərbaycan əsgəri sıldırmları aşaraq, keçilməz meşələrdən keçərək Qarabağın göz bəbəyi Şuşadan düşməni qovub çıxardı. Bununla da tapşırıq icra olundu!

1992-ci il may ayının 8-də erməni quldurları tərəfindən işğal olunan Şuşa şəhəri 2020-ci il noyabrın 8-də Müzəffər Azərbaycan Ordusu tərəfindən azadlığına qovuşdu. Zəfər tariximizin parlaq və unudulmaz səhifəsi olan Şanlı Qələbə nəticəsində “Məğlubedilməz erməni ordusu” mifi də darmadağın oldu. Bu Qələbə Azərbaycan Silahlı Qüvvələrinin, Azərbaycan xalqının, eyni zamanda ədalətin Zəfəri idi.

Bu uğurun arxasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin illərlə qurduğu möhkəm təməl, uzaqgörən siyasət və qətiyyətli iradə dayanırdı. O, Ulu Öndər Heydər Əliyevin yaratdığı dövlətin bünövrəsini daha da möhkəmləndirərək, Azərbaycanı həm iqtisadi, həm hərbi, həm də mənəvi cəhətdən güclü bir dövlətə çevirdi. Azərbaycan Ordusu ən müasir silah-sursatla təmin edildi, döyüş ruhu yüksəldildi. Nəticədə 30 ilə yaxın kağız üzərində qalan BMT-nin 4 qətnaməsini Azərbaycan xalqı özü yerinə yetirdi! Qəhrəman əsgərimizin iradəsi, xalqımızın birliyi, dövlətimizin gücü birləşərək bu müqəddəs Zəfəri reallaşdırdı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Şuşasız bizim işimiz yarımçıq qalardı. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi”. Nə az, nə çox - düz 28 illik ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq. Qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs gəldi. Əsirlik həyatı sona çatan Şuşanın artıq inkişaf dövrü başlayıb. İgid əsgərlərimizin ayaq izləri ilə açılan Zəfər Yolu bu gün Prezident İlham Əliyevin verdiyi adla həm tarix, həm də qürur yoluna çevrilib. Hər qarışı şəhid qanı ilə sulanmış bu torpaq indi abadlığı, dirçəlişi ilə göz oxşayır.

Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Şuşa şəhəri günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı. Həmçinin cənab Prezidentin 2022-ci il 5 yanvar tarixli Sərəncamı ilə 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edildi. Hətta 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”, 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” və  2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməklə sübut olundu ki, Şuşa şəhəri təkcə Azərbaycanın deyil, bütün Türk və İslam dünyasının da qürur simvoludur.

Sonda: Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm zəfərin memarı Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi sona çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.

 “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik”.

 

       Azərbaycan Respublikasının Prezidenti,

                                                                                              Müzəffər Ali Baş Komandan İlham Əliyev