“Ətraf mühitin qorunması” və “Sağlam ətraf mühitdə yaşamaq hüququ” mövzularında maarifləndirici tədbir keçirilib.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Culfa Rayon İcra Hakimiyyəti ilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir təşkil olunub.

“Ətraf mühitin qorunması hər bir şəxsin borcudur” və “Hər bir kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır” mövzularını əhatə edən tədbirdə Culfa Rayon Prokurorluğunun əməkdaşı, müxtəlif idarə, müəssisə və təşkilatların təmsilçiləri, eləcə də kənd icra nümayəndəlikləri və bələdiyyələrin əməkdaşları iştirak ediblər.

Tədbir zamanı iştirakçılara ətraf mühitin mühafizəsi, ekoloji məsuliyyət, təbii ehtiyatların qorunması, habelə sağlam mühitdə yaşamaq hüququnun hüquqi əsasları barədə ətraflı məlumat verilib.