
44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızdan biri də şəhid baş leytenant Amin Mais oğlu Gülməmmədovdur. Rayonumuzun Saltaq kəndindən olan şəhidimizin doğum günü ərəfəsində məzarı başında anım mərasimi keçirilib. Tədbirində Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, YAP Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov, icra hakimiyyətinin əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
1995-ci il iyulun 31-də anadan olan Amin Gülməmmədov 2020-ci ilin payızında Vətən müharibəsində Daşaltı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O, göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.