
Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda qəhrəmanlıqla vuruşan bütün oğullarımız xalqımız tərəfindən hər zaman qürurla anılacaq, hörmətlə yad ediləcəklər. Tarix boyu yaddaşlarda yaşayacaq və xatırladıqca iftixarla adını anacağımız qəhrəmanlarımızdan biri də şəhid leytenant Məmmədli Nicat Rizvan oğludur. Nicatın qısa, lakin mənalı ömür yolunu gələcək nəsillərə ötürmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Yurdoğlunun işıq üzü görən “Yarımçıq qalmış roman” adlı kitabın Culfa Rayon Mədəniyyət Sarayında təqdimat mərasimi keçirilib.
Müəllif Nicat Məmmədlinin ailəsinin, doğmalarının, müəllimlərinin, dostlarının, sinif, kursant, tələbə və döyüş yoldaşlarının söylədikləri xatirələri dilimizdəki bədii sözün zəngin ifadə vasitələri ilə qələmə alıb və öz düşüncələrini də əlavə edib.
Nəşrdə nur üzlü şəhidin uşaq yaşlarından başlayaraq həyatının hər bir mərhələsinə aid fotoşəkillər, ona həsr edilən şeirlər, hətta onun iş dəftərinin hər bir səhifəsi yer alıb.
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görən 432 səhifəlik kitabın redaktoru “Şərq qapısı” qəzetinin şöbə müdiri Aidə İbrahimovadır.
Təqdimat mərasimində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əjdər Əliyev, Culfa Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ruslan Cəfərov, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri, şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədov, şəhid Mərhəmət Həmzəyevin anası, qazi Yelmar Dilavərli, Dövlət Gömrük komitəsinin əməkdaşı, şəhidin döyüş və kursant yoldaşları, həmçinin şəhid Nicatın valideyinləri çıxış ediblər.
Tədbirin sonundda şəhid Nicat Məmmədliyə aid videoçarx və Culfa Rayon Mədəniyyət Şöbəsinin hazırladığı kompozisiyaya nümayiş etdirildi.
Qeyd edək ki, Nicat Məmmədli 31 iyul 1999-cu ildə Culfa şəhərində anadan olub.