Xalqa adanan ömür

1923-cü il may ayının 10-u. Həmin gün Azərbaycanda bir oğlan uşağı dünyaya göz açır. Adını Heydər qoyurlar. Günlər, illər keçir bu uşaq böyüyür, yaşıdları ilə oynayır, dəcəllik, şıltaqlıq edir. Hər şey çox adi, normal görsənir. Heydərin digər uşaqlardan daha zəkalı, ağıllı, savadlı, qeyri-adi istedada malik olmasını ətrafdakılar normal qəbul edirlər. Lakin heç kim düşünmür ki, gün keçdikcə böyüyən bu uşaq gələcəkdə dünyanın ən məşhur insanlarından biri, Azərbaycanın isə xilaskarı olacaq. Onu, Heydər Əlirza oğlu Əliyevi bütün dünya tanıyacaq. O Heydər ki, Azərbaycan deyəndə gözləri dolacaq, ürəyinin telləri əsəcək. Öz həyatını Azərbaycanın çiçəklənməsinə, xalqının rahat, firavan yaşamasına həsr edəcək. Bəli, elə də olur. 1923-cü il mayın 10-u qədim Azərbaycan torpağı olan Naxçıvanda sən demə Azərbaycanın gələcək gözəl həyatının əsası qoyulur. Dövrün çətinliklərinə baxmayaraq yüksək intellektual səviyyədə böyüyən gənc Heydər təhlükəsizlik orqanlarında işləməyə başlayır. Bununla da özü də bilmədən nəinki gəncliyini, hətta bütün ömrünü xalqına xidmət etməyin əsasını qoyur. Heydər Əliyev 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsinə təyin olunur və general-mayor rütbəsinə qədər yüksəlir. 1969-cu ildə Heydər Əliyev Azərbaycan SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilir. 1982-ci ildə isə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməklə SSRİ-nin rəhbərlərindən biri olur.

Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatların, meqa layihələrin nəticəsində  respublikamız sürətlə inkişaf edərək SSRİ-nin qabaqcıl ölklərindən birinə çevrilir. Halbuki bir neçə il öncəsinə qədər bütün sahələrdə müttəfiq respublikalar arasında sonuncu yerlərdə idi.  Həmin dövrlərdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına xidmətlərinin ən böyüyü isə dahiyanə təşəbbüs olaraq 1978-ci ildə Azərbaycan SSRİ-nin Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-nin rəsmi dövlət dilidir” maddəsini daxil etdirmək idi. O illərdə bunun nə demək olduğunu dərk etməyən sovet rusiyasının ideoloqları sonradan başa düşəndə artıq çox gec idi. Heydər Əliyev fərqini sübut etmişdi. Sovet ideoloqlarına sanki Azərbaycan xalqı kimsəsiz deyil, bu qədim xalqın Mən adlı oğlu var demişdir.     

SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrlərdə daima Azərbaycanı diqqət mərkəzində saxlayan Heydər Əliyev xalqının gələcək həyatı haqqında atılan addımları yaxından izləyirdi. Azərbaycan üçün hər şeyin yaxşı getdiyi vaxtda anidən rus şovinistləri iç üzlərini göstərməyə başlayır. Artıq açıq müstəvidə öz xislətlərini biruzə verərək anti Azərbaycan siyasəti yürüdən Mixal Qorbaçov və onun əlaltıları Azərbaycanın əleyhinə qərarlar qəbul etməyə başlayırlar. Hər zaman olduğu kimi yenə də xalqının yanında olan Ümummilli Lider Heydər Əliyev Qorbaçov və ətrafındakılara etiraz edərək 1987-ci ilin oktyabrında tutduğu vəzifəsindən istefa verir. Bununla da dahi şəxsiyyətin həyatında məşəqqətli günlər başlayır. Təqib, hətta öz vətənində sürgün həyatı. Ən acınacaqlısı isə o idi ki, bu işdə sapı özümüzdən olan baltalar böyük canfəşanlıq edirdilər. Bütün bu olanlara baxmayaraq xalqının taleyüklü məsələlərini hər zaman öz çiyinlərində daşıyan Heydər Əliyev baş verən proseslərə laqeyd qalmır. 1990-cı il 20 yanvar hadisələrinə də ilk hüquqi qiyməti məhz Ulu Öndər verir. Qadağalara rəğmən yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək bu işdə əli olan SSRİ rəhbərliyini ittiham edir. Daha sonra Qarabağda yaranmış vəziyyətdə də SSRİ rəhbərliyinin əlinin olduğunu, onları riyakarlıqda günahlandıraraq və siyasətlərinə etiraz olaraq Sovet İttifaqı Kommunist Partiyasının sıralarını da tərk edir və 1990-cı ildə Azərbaycana qayıdır. İlk əvvəl Bakı şəhərində yaşayır. Burada təqib olunduğundan və həyatı üçün təhlükə səbəbindən doğulduğu yurda, Naxçıvana köçmək məcburiyyətində qalır. Həmin vaxt artıq Naxçıvan Ermənistanın təcavüzkar siyasəti ucubatından blokada şəraitində yaşayırdı və ictimai-siyasi həyatında təlatümlü dövr hökm sürürdü. Vəziyyətin mürrəkəbliyini dərk edən Naxçıvanın o zamankı ziyalılarının xahişi ilə Heydər Əliyev namizədliyini verərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini seçilir. Bununla da Naxçıvan əmin əllərə təslim edilir. Artıq Naxçıvanı itirmək təhlükəsi aradan qalxır. Lakin həmin vaxt Azərbaycanda siyasi vəziyyət heç də ürək açan deyildi. Hakimiyyət sevdalıları Ermənistanın elan olunmamış müharibəsinə məhəl qoymadan şəxsi maraqlarını üstün tutaraq kreslo davası edirdilər. Cəbhədəki ağır məğlubiyyət, itirilən torpaqlar heç kəsi maraqlandırmırdı. Xalq isə müstəqilliyin son akkordlarının çalındığını hiss edirdi. Yenə ümid yeri Heydər Əliyev idi. Baş verən proseslərlə barışa bilməyən Azərbaycan xalqı təkidlə Heydər Əliyevi Bakıya dəvət edir. Ümummilli Lider hər şeyi daha yaxşı başa düşürdü və Azərbaycanın gələcəyi naminə həyatı üçün təhlükələrə baxmayaraq xalqının yanında olmağa qərar verməklə Bakıya gedir. Həmin gün xalq hava limanına axın edərək böyük sevinc hissi ilə xilaskarını qarşılayır. 1993-cü il iyunun 15-də isə bütün maneələrə baxmayaraq Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilir. Ancaq vəziyyət heç də ürəkaçan deyildi. Hakimiyyət nümayəndələrinin yarıtmaz siyasəti, vəzifə, kreslo hərisliyi nəticəsində daxildə vətəndaş müharibəsi, Ermənistan tərəfindən torpaqlarımızın işğalı, xalqın ağır həyat şəraiti,                 hərc-mərclik. Proseslər o qədər sürətlə hərəkət edirdi ki, heç nə başa düşmək olmurdu. Azərbaycan xalqı məsələnin çıxış yolunu tapmışdı. 1993-cü il oktyabrın 3-də keçirilən ümumxalq səsverməsi nəticəsində Azərbaycan sevdalısı, xalqının son ümidi olan Heydər Əliyev yekdilliklə Azərbaycan Respublikasının Prezidenti seçilir. Qısa zaman kəsiyində xalqın nə qədər haqlı olduğu özünü göstərir. Müstəqillik qorunur, müharibədə atəşkəs elan olunur, milli ordu quruculuğuna başlanılır, milli birlik təmin olunur, iqtisadi meqa layihələr həyata keçirilr, xalqın güzəranı hər keçən gün yaxşılaşır, beynəlxalq arenada nüfuz qazanılır. Bir sözlə Azərbaycan dünyaya mən də varam deyir. Məhz 1993-cü ildə bünövrəsi qoyulan siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünya siyasətində özünə məxsus çəkisi olan ölkələrdən biridir.

Yüz illər keçsə də, nəsillər dəyişsə də Azərbaycan xalqının sevgisini, məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev xatirələrdə, yaddaşlarda əvəz olunmaz şəxs kimi daima yaşayacaq!