Xalqımızın qüruru olan şəhərin yenidən doğuluşu - Ağdam

Tarixi boyu mədəniyyətin beşiyi, milli qürurun qalası olmuş bu qədim şəhər bir anda nisgillə yoğrulmuş bir taleyə büründü. Qarabağın bəy otağı adlandırılan, poeziyanın, musiqinin, şeirin nəfəs aldığı bu diyar 30 il ərzində sadəcə fiziki deyil, həm də mənəvi olaraq ağır günlər yaşadı. Dağılan təkcə evlər deyildi, yaddaş idi, kimlik idi, kök idi, xəyallar idi, arzuıar idi. 

Bu torpaq 30 il susdu, səbr etdi. Amma sükutda da bir nida vardı. Şəhərin daşı da danışırdı, torpağı da, səması da. Sanki “Mən sizi 30 il gözlədim!” deyirdi. Bu gün isə həmin həsrət bitib. Şəhərin qara taleyini doğma addımlar aydınlığa çevirir. Bayrağımız ucalıb, viran qalmış səssiz küçələrdə yenidən uşaqların səsi eşidilir.

1930-cu ildə inzibati rayon statusu alan, adı “kiçik qala” mənasını verən Ağdam, Qarabağın strateji, həm də mədəni-sosial baxımdan ən önəmli bölgələrindən biri olub. 138 yaşayış məntəqəsini özündə birləşdirən bu şəhər sənətin, sənayenin, kənd təsərrüfatının beşiyinə çevrilmiş məkan idi. Lakin XX əsrin sonlarında erməni təcavüzü bu gözəl diyarı sükuta qərq etdi. Ağdam ağır hücumlara məruz qaldı, minlərlə insan doğma yurd-yuvasından didərgin salındı. Qarlı dağları, qədim məscidləri, Pənahəli xanın imarəti, şair və xanəndələrin səsi ilə tanınan Ağdam bir anda ruhlar şəhərinə çevrildi. Bu torpaq 6 mindən çox şəhid verdi, minlərlə insan yaralandı. Rayon əhalisi doğma evlərini tərk edərək ölkənin müxtəlif bölgələrində ağır həyat yaşamaq məcburiyyətində qaldı. 

 1993-cü il iyulun 23-də ağrı dolu bir tarix yazıldı. Ağdamın 73%-i erməni silahlı qüvvələri tərəfindən işğal olundu. Bir həftə sonra BMT Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edərək işğalçı qoşunların rayondan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdi. ATƏT-in Minsk qrupu da eyni mövqe sərgilədi. Lakin sənədlər yalnız kağız üzərində qaldı. Dünya kor, kar və lal oldu. Ağdam bu 30 ildə yalnız Azərbaycanın deyil, beynəlxalq hüququn da yaralı vicdanına çevrildi.

Ölkəmizin müasir tarixində əbədi iz qoyan və qürur səhifəsi kimi yadda qalan 27 sentyabr 2020-ci il, dövlətimizin və xalqımızın taleyində dönüş nöqtəsi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. Bu müharibə sadəcə ərazi bütövlüyümüzün bərpası deyil, həm də xalqımızın milli iradəsinin, ordumuzun döyüş ruhunun və dövlətimizin siyasi müdrikliyinin təntənəsinə çevrildi. 44 gün davam edən bu şanlı mübarizə nəticəsində Ermənistan ordusu təkcə hərbi sahədə deyil, həm də mənəvi və siyasi cəhətdən darmadağın edildi. Nəticədə Ermənistan, Azərbaycan qarşısında diz çökərək, kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bu sənəd yalnız cəbhədəki qələbənin hüquqi təsdiqi deyil, eyni zamanda diplomatik bacarığın, strateji iradənin və siyasi qətiyyətin təzahürü idi.

Vətən müharibəsinin parlaq nəticələrindən biri də Ağdam rayonunun azad olunması oldu. Lakin bu azadlıq digərlərindən fərqləndi. Çünki Ağdam bir güllə belə atılmadan, döyüşsüz azad edildi. Bu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasi kursun və beynəlxalq arenadakı nüfuzunun göstəricisidir. 

20 noyabr 2020-ci ildə Ağdamın azadlığı bütün Azərbaycan üçün tarixi qürur anına çevrildi. 30 illik həsrət sona çatdı. Şəhər qaranlıqdan işığa, məhrumiyyətdən ümidə qədəm qoydu. İşğaldan azad olunan gün Ağdam təkrar öz sahiblərinin nəfəsini duydu. “Qafqazın Xirosiması” adlandırılan şəhər indi yenidən qurulur. Azərbaycan dövlətinin genişmiqyaslı yenidənqurma proqramı çərçivəsində Ağdam müasir şəhər konsepsiyası əsasında inşa edilir. Zəngin tarixi qorumaqla yanaşı, şəhərin infrastrukturu, sənaye zonaları, yaşıl parkları, yolları, sosial və mədəni obyektləri sürətlə bərpa olunur.

Bu gün Ağdamın üzərində dalğalanan üçrəngli bayraq yalnız bir şəhərin deyil, bütün bir xalqın yenilməzliyinin rəmzidir.

Ağdam artıq keçmişin acı xatirəsi deyil, gələcəyin ümididir. Burada ucalan hər bina, təmir edilən hər küçə, səslənən hər azan sanki bir millətin yenidən doğuluşunun təcəssümüdür. Ağdamda artıq hər daş, hər ağac, hər nəfəs həyatın, səbrin və qürurun hekayəsini danışır.

Uzun illər işğal altında qalan, düşmən vandalizminin ağrı-acısını daşıyan bu qədim şəhər bu gün tamamilə yeni həyatın astanasındadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli qərarı ilə təsdiqlənmiş “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” bu torpağın gələcəyinə yönəlik ümidin, planlı inkişafın simvoludur.

İşğaldan azad edilmiş ərazilərin iqtisadi canlanmasının rəmzinə çevrilən Ağdam Sənaye Parkı Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən yaradılıb. 190 hektar ərazini əhatə edən bu sənaye məkanı Qarabağın sənaye potensialını reallaşdırmaq, sahibkarlığı stimullaşdırmaq və məşğulluğu artırmaq məqsədi daşıyır.

2025-ci il mayın 10-da istifadəyə verilən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi regionun nəqliyyat sistemində mühüm mərhələnin başlanğıcını qoydu. Bərdə–Ağdam dəmir yolu xəttinin ikinci mərhələsi çərçivəsində inşa edilən kompleks 8 hektarlıq ərazini əhatə edir. Vağzal gündəlik 800-1000, avtovağzal isə 1300-1500 sərnişinə xidmət etmə gücünə malikdir.

2025-ci il mayın 10-da qapılarını açan Ağdam Muğam Mərkəzi Qarabağın zəngin mədəni irsinin dirçəlişinin simvoluna çevrilib. 474 yerlik konsert zalı, 15 dərs otağı, sərgi və iclas zalları ilə təchiz olunan bu mərkəz təkcə bir sənət məkanı deyil, həm də gələcək nəsillərə muğamı yaşadan bir mədəniyyət ocağıdır.

Mərkəzin ərazisində 615 nəfərlik açıq amfiteatr da yaradılıb. Bu möhtəşəm kompleks Ağdamın muğam paytaxtı statusunu bərpa edir və muğam sənətinin tədrisi, ifası və təbliğində mühüm rol oynayacaq.

PS:  Ağdamın azadlığı yalnız bir şəhərin deyil, bütöv Azərbaycanın qələbəsidir.