
Ölkəmizdə keçirilən XIII Qlobal Bakı Forumu dünya siyasətinin ən mühüm məsələlərinin müzakirə olunduğu beynəlxalq platformalardan biri kimi diqqət mərkəzindədir. Forumda çıxış edən İlham Əliyev müasir dünyanın mürəkkəb geosiyasi şəraitdə olduğunu vurğulayaraq təhlükəsizlik, sülh və beynəlxalq əməkdaşlıq məsələlərinin bu gün dövlətlərin əsas prioritetinə çevrildiyini bildirdi. Prezident çıxışında qeyd etdi ki, hazırkı dövrdə təhlükəsizlik, sabitlik və müdafiə məsələləri heç vaxt olmadığı qədər vacibdir. Çünki təhlükəsizlik təmin edilmədən iqtisadi inkişaf, sosial rifah və beynəlxalq əməkdaşlıq kimi digər məqsədlərin həyata keçirilməsi mümkün deyil. Dünyanın müxtəlif bölgələrində yeni gərginlik ocaqlarının yaranması, mövcud münaqişələrin uzun illər davam etməsi qlobal sabitliyi ciddi şəkildə sarsıdır. Bu baxımdan ölkələr arasında əməkdaşlıq və qarşılıqlı etimadın gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın son onilliklərdə keçdiyi yolu xüsusi vurğuladı. Bildirdi ki, regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. Çünki mən Bakıda bir çox forumlardakı çıxışlarımda qeyd etmişəm ki, işğal dövründə bizim üçün sülh və suverenliyimizin bərpası hər zaman gündəliyimizin əsas prioriteti olub. Xoşbəxtlikdən, biz artıq sülh şəraitində yaşayırıq, hələlik cəmi yeddi aydır. Bu, bir daha göstərir ki, sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun. Bizə gəldikdə, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası illər, təqribən 30 il çəkdi. Bunu BMT Nizamnaməsi, onun 51-ci maddəsində nəzərdə tutulmuş özünü müdafiə hüququ çərçivəsində həyata keçirdik. Beləliklə, biz dünya miqyasında nadir bir təcrübəyə malikik - milyonlarla insanın etnik təmizləməyə məruz qaldığı işğal şəraitində yaşamaq təcrübəsi. Təqribən 30 il ərzində ərazimizin təxminən 20 faizi işğal altında olmuşdur. Biz beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə lazımi diqqətin göstərilməməsindən və münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların selektiv yanaşmasından əziyyət çəkirdik. Təxminən 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələri yalnız kağız üzərində qalırdı. Beləliklə, bu bir təcrübədir, amma bu mənfi təcrübə olmuşdur. Daha sonra 2020-ci ilin 44 günlük Vətən Müharibəsi zamanı ərazilərimizi güc vasitəsilə azad etmək təcrübəsini qazandıq və düşünürəm ki, bu da mühüm göstəricidir. Əgər sülh yolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu da müasir tarixdə, - müasir dedikdə son onillikləri nəzərdə tuturam, - nadir bir təcrübədir - ölkə özü güc tətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi. Üçüncü təcrübə isə sülh təcrübəsidir – sülhə necə nail olmaq olar. Bu isə asan iş deyil. Biz görürük ki, uzunmüddətli münaqişələr davam edir və qlobal xəritədə yeni gərginlik nöqtələri yaranır. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması da nadir bir vəziyyətdir: 2023-cü ilin sentyabrında baş verən son qanlı toqquşmadan 2025-ci ilin avqustunda sülhün əldə edilməsinə qədər müddət iki ildən az çəkdi. Hesab edirəm ki, bu, normallaşmanın görünməmiş sürətidir və güclü siyasi iradənin mövcudluğu və düşmənçiliyin əbədiyyətə qədər davam edə bilməyəcəyinin, müharibənin sona çatmalı olduğunun dərk edilməsi sayəsində mümkün oldu. Bu, iki ölkə tərəfindən verilmiş bir qərar idi və indi biz, qeyd etdiyim kimi, yeddi aydır sülh şəraitində yaşayırıq. Biz artıq sülhün üstünlüklərini görürük. Mən bunu dəfələrlə demişəm və bir daha təkrar edəcəyəm: sülhdən daha yaxşı heç nə yoxdur. Zənnimcə, dünyada hazırda baş verənlər – yeni gərginlik nöqtələrinin yaranması və uzunmüddətli mövcud münaqişələr beynəlxalq davranış strukturuna təhdid təşkil edir. Bu, həmçinin beynəlxalq hüquqa təhdiddir. Beynəlxalq hüquqa və normalara hörmət edilməyəndə və beynəlxalq təşkilatların qətnamələri nəzərə alınmayanda ölkələrin ərazi bütövlüyü pozulur.
Ölkəmizin rəhbəti çıxışı zamanı bildirdi ki, Biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu. İşğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız - hesab edirəm ki, bu, beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir. Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur. Hətta Ermənistanla ticarəti bərpa etmişik. Onlar üçün həyati əhəmiyyət kəsb edən neft məhsullarının ixracına başladıq və bununla da göstərdik ki, biz uzunmüddətli deyil, əbədi sülhə sadiqik. Bu, bizim strategiyamız və siyasətimizdir və bir daha onu nümayiş etdirir ki, Azərbaycan sülhsevər ölkədir. İkinci Qarabağ Müharibəsi və daha sonra anti-terror əməliyyatı zamanı bizi ittiham edənlər ya uzaqgörən deyildilər, ya da qərəzli idilər. Çünki bizim gördüyümüz hər bir iş beynəlxalq hüquqa uyğun idi, biz gücdən istifadə edərək sülhə nail olduq və bu gün bunu nümayiş etdiririk. Bəzən bunu etmək zəruridir, xüsusilə də əmin olduğunuz halda ki, haqlısınız. O zaman sizi əngəlləməyə çalışanları, maraqlarınıza xələl gətirmək istəyənləri nəzərə almamalısınız. Həmçinin hesab edirəm ki, bu, müharibə aparanlarla paylaşa biləcəyimiz daha bir təcrübədir. Biz Ermənistanla sülhə nail olduq, - biz deyərkən Azərbaycanı nəzərdə tuturam, – israr etdik ki, bunu vasitəçilərsiz təmin edək. Özlərini Minsk qrupu adlandıran vasitəçilərin 28 illik fəaliyyəti bir fəlakət idi. Həmsədrlərin məqsədi münaqişəni dondurmaq, onu əbədiləşdirmək və hər iki ölkəyə qarşı təzyiq aləti kimi istifadə etmək idi. Biz qərara gəldik ki, bu dırnaqarası vasitəçilikdən qurtulmalıyıq və ikitərəfli formatda – heç bir üçüncü tərəf olmadan fəaliyyətə başlayan kimi sülhə nail olduq. Beləliklə, bu bir təcrübədir və bu, sadəcə nəzəriyyə deyil, bu, bizim yaşadığımız, indi isə şahid olduğumuz bir reallıqdır. Hesab edirəm ki, mövcud münaqişələrin həlli istiqamətində çalışarkən bu məsələ mütləq nəzərə alınacaq.
Prezident İlham Əliyev vurğuladı ki, indi paylaşa biləcəyimiz digər vacib bir təcrübə enerji təhlükəsizliyidir, hansı ki, hazırda müəyyən dərəcədə pozucu təsir göstərir. Biz görürük ki, neft və qaz qiymətlərinin kəskin yüksəlişi yalnız istehlakçılar üçün deyil, geniş mənada bir çox problemlər yaradır. Kimsə düşünürsə ki, bu tarazlaşdırılmamış qiymət neft istehsalçıları və ixracatçıları üçün faydalıdır, bu yanlışdır. Çünki bir çox ölkələrin, neft və digər faydalı yanacaq istehsal və ixrac edən ölkələrin suveren fondları var və bu fondlar müxtəlif maliyyə alətlərinə, o cümlədən istiqrazlara investisiya qoyurlar. Birjalar çökdükdə isə bu ölkələr yüksək neft qiymətindən qazandıqlarından daha çox itkiyə məruz qalırlar. Buna görə də biz OPEC+ formatının məsuliyyətli üzvü olaraq, tarazlı və proqnozlaşdırıla bilən neft qiymətinin tərəfdarıyıq, ortaq həllin tapılmasına böyük səylər göstərmişik və OPEC+-dakı vasitəçilik fəaliyyətimiz yüksək qiymətləndirilir.
Forumdakı çıxışında Prezident İlham Əliyev Azərbaycanın son illərdə qazandığı təcrübənin yalnız region üçün deyil, bütövlükdə beynəlxalq ictimaiyyət üçün də mühüm əhəmiyyət daşıdığını vurğuladı.