Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının inzibati binasında təşkilatın yaranmasının 32 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimov yubiley tədbirində çıxışı zamanı bildirib ki, “Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı 7 fevral 1993-cü ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə yaradılıb. Həmin gündən də partiya rayonumuzun ictimai-siyasi həyatında daha aktiv rol alıb. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Yeni Azərbaycan Partiyası iqtidar partiyası olaraq Azərbaycanın çiçəklənməsində, qüdrətli ölkəyə çevrilməsində bu günədək fəal iştirak edir”.
Tədbirdə çıxış edən Culfa Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elçin Məməmmədəliyev qeyd edib ki, “Bu gün dünyada son dərəcə mühüm amil olan siyasi sabitliyin qorunması, xalq-iqtidar birliyi, sosial inkişafı özündə ehtifa edən islahatların həyata keçirilməsi partiya üzvlərinin fəaliyyətinin əsasını təşkil edir”.
Daha sonra rayon Təhsil şöbəsinin müdiri, ərazi partiya təşkilatının sədri Murad Hümbətov, partiya veteranı, Dizə kənd ərazi partiya təşkilatının sədri Ədalət Əhmədov, Uşaq musiqi məktəbi ərazi partiya təşkilatının sədri Şükufə Bağırova, gənc partiya üzvü Günel Mustafayeva, partiya sıralarına yeni qoşulan Emil Vəliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının və müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən və partiyanın cəmiyyətimizdəki mövqeyindən bəhs ediblər.
Məruzələr dinlənildikdən sonra, partiyanın yeni üzvlərinə vəsiqələri təqdim olunub.