Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü ildönümü qeyd olunub

Culfa rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

YAP Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov çıxış edərək partiyanın 21 noyabr 1992-ci ildə son dərəcə mürəkkəb ictimai-siyasi şəraitdə formalaşdığını qeyd edib. O, Yeni Azərbaycan Partiyasının qısa müddətdə ölkənin siyasi səhnəsində nüfuzlu bir təşkilata çevrilməsinin Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi və böyük siyasi iradəsi ilə mümkün olduğunu vurğulayıb.

Culfa Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elçin Məmmədəliyev çıxışında YAP-ın müasir dövlət quruculuğu prosesində tutduğu mühüm yeri diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi kursun ölkənin sosial-iqtisadi tərəqqisinə verdiyi töhfələri xüsusi qeyd edib.

Tədbirdə çıxış edən Bənəniyar kənd ərazi partiya təşkilatının sədri Duvangir Əhmədov, Yaycı kənd ərazi partiya təşkilatının sədri Vaqif Abdullayev, Saltaq kənd tam orta məktəbin direktoru Sevinc Mustafayeva və Rabitə İdarəsi ərazi partiya təşkilatının sədri Günel Məhəmmədova Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsindəki misilsiz rolunu vurğulayaraq, partiyanın cəmiyyət tərəfindən etibarlı siyasi qüvvə kimi qəbul edildiyini bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasına yeni üzv qəbul olunan gənclərə üzvlük vəsiqələri və hədiyyələr təqdim olunub.