Zəfərə aparan yol: 27 Sentyabr – Anım Günü

Tarix xalqların yalnız qazandığı qələbələrlə deyil, həmin qələbələrin hansı fədakarlıqlar hesabına əldə olunması ilə də yadda qalır. Azərbaycan xalqının milli yaddaşında xüsusi yer tutan 27 Sentyabr – Anım Günü də məhz belə bir tarixi həqiqətin ifadəsidir. Bu tarix Vətən uğrunda həyatını fəda edən qəhrəmanlarımızın qarşısında baş əymək, onların müqəddəs xatirəsini ehtiramla yad etmək və Zəfərin hansı ağır sınaqlardan keçərək qazanıldığını bir daha xatırlamaq günüdür.

Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə uzun illər davam edib. Torpaqlarımızın işğal altında olduğu dövrdə yüz minlərlə insan doğma yurdlarından didərgin düşüb, şəhər və kəndlərimiz dağıdılıb, xalqımız ağır faciələrlə üzləşib. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti uzun müddət münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, sülh yolu ilə həllinə çalışıb.

BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılmasını tələb edən qətnamələrinin qəbul edilməsinə baxmayaraq, onların icrasının təmin olunmaması münaqişənin illərlə davam etməsinə səbəb olub. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar da nəticə verməyib.

Azərbaycan xalqı isə bütün bu illər ərzində öz tarixi torpaqlarına qayıdacağına inamını itirmədi. 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin Tovuz hadisələri Azərbaycanın işğalla barışmadığını, ərazi bütövlüyünün bərpasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu nümayiş etdirdi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə boyu genişmiqyaslı təxribat törətməsi Vətən müharibəsinin başlanmasına səbəb oldu. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə əks-hücum əməliyyatına başladı. Həmin gündən etibarən xalqımızın bütün diqqəti cəbhəyə yönəldi. Azərbaycanın hər yerində eyni amal, eyni arzu vardı: işğal altında olan torpaqlarımız azad edilsin, üçrəngli bayrağımız Qarabağda yenidən dalğalansın.

Beləliklə, 44 gün davam edən və dünya hərb tarixində özünəməxsus yer tutan Vətən müharibəsi başladı. Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Hadrut qəsəbəsi və yüzlərlə yaşayış məntəqəsi işğaldan azad edildi. Qarabağın ürəyi sayılan Şuşanın azad olunması isə Zəfər yolunun ən parlaq səhifələrindən birinə çevrildi. Döyüş meydanında əldə olunan hər bir uğurun arxasında əsgər və zabitlərimizin böyük fədakarlığı dayanırdı. Onlar Vətən naminə ən ağır sınaqlardan keçdilər, canlarını torpaq uğrunda qurban verdilər. Bu səbəbdən Vətən müharibəsinin ən böyük qəhrəmanları şəhidlərimiz və qazilərimizdir.

Vətən müharibəsində Azərbaycan 2914 hərbçisini şəhid verib, mindən çox hərbçimiz yaralanıb, 6 hərbçimiz isə itkin düşüb. Hər bir şəhidin həyat hekayəsi Azərbaycan Zəfərinin ayrılmaz parçasıdır. Onlar öz həyatlarını Vətənə bağışladılar ki, gələcək nəsillər azad Qarabağda yaşasın. Prezident İlham Əliyevin sözləri ilə desək: “Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.” Bu dastanın qəhrəmanları xalqımızın yaddaşında əbədi yaşayacaq.

Vətən müharibəsinin nəticələri yalnız döyüş meydanında əldə olunan uğurlarla məhdudlaşmadı. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Beləliklə, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ başa çatdı. Sonrakı dövrdə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq layihələri həyata keçirilməyə başlandı. Uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların öz yurdlarına qayıdışı təmin edilir, yeni şəhər və kəndlər salınır, həyat yenidən canlanır. Bu gün həmin torpaqlarda ucalan hər yeni bina, çəkilən hər yol, salınan hər məktəb və yaşayış məntəqəsi Zəfərin davam edən salnaməsidir.

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib. Hər il bu tarixdə xalqımız Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla yad edir. 

Azərbaycan dövlətinin şəhid ailələrinə və qazilərə münasibəti Zəfərdən sonra da xüsusi diqqət mərkəzində saxlanılır. Şəhid ailələrinin sosial təminatının gücləndirilməsi, qazilərin müalicə və reabilitasiyası, onların mənzil və digər sosial ehtiyaclarının qarşılanması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu istiqamətdə yaradılmış “YAŞAT” Fondu da şəhid ailələrinə və müharibə iştirakçılarına dəstək göstərən mühüm mexanizmlərdən biridir. Dövlət qayğısı şəhidlərimizin ailələrinə olan minnətdarlığın yalnız sözlə deyil, konkret addımlarla ifadə olunmasının göstəricisidir.

Azərbaycan xalqının əldə etdiyi tarixi Qələbənin gələcək nəsillərə çatdırılması məqsədilə Bakıda mühüm memorial məkanlar yaradılıb. Hərbi Qənimətlər Parkı Vətən müharibəsinin hərbi salnaməsini əks etdirən məkanlardan biridir. Burada müharibə zamanı düşməndən qənimət götürülmüş hərbi texnikalar və digər eksponatlar nümayiş etdirilir. Zəfər Parkı və Zəfər Muzeyi isə Azərbaycanın tarixi Qələbəsinin yaddaşda yaşadılmasına xidmət edən mühüm məkanlardır. Zəfər Muzeyində Qarabağın tarixi, Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük Vətən müharibəsi, Şuşanın azad olunması, şəhid və qəhrəmanlarımız, Azərbaycanın dövlət suverenliyinin bərpası və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri müxtəlif ekspozisiyalar vasitəsilə təqdim olunur. Bu məkanlar gələcək nəsillərə yalnız tarix haqqında məlumat vermir. Onlar Vətənin necə qorunduğunu, azadlığın hansı fədakarlıqlar hesabına əldə edildiyini göstərir.

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında həm hüzn, həm də qürur hisslərinin qovuşduğu gündür. Bu gün biz şəhidlərimizi xatırlayır, onların ailələrinin qarşısında baş əyir, qazilərimizə minnətdarlığımızı ifadə edirik.

Allah şəhidlərimizə rəhmət eləsin!